Alyansa inteqrasiya Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biridir
“Dövlətimizin başçısı İlham Əliyev ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və NATO-nun Baş katibi Yens Stoltonberq arasında aparılan görüşlər strateji xarakter daşıyır.”
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
O qeyd edib ki, Brüssel görüşü rəsmi Bakının məramını və məqsədini bir daha Avropaya çatdırdı. Azərbaycan illərdir ki, regionda sülh yaradılması ilə bağlı irəli sürülən bütün təşəbbüsləri hər zaman dəstəklədiyini sübut edib. Brüssel görüşündə iştiraka razılıq da dünyəvi siyasətin təsdiqi kimi siyasi iradə nümayiş etdirməkdir. Şarl Mişellə görüşdə Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri, əməkdaşlığın növbəti mərhələsinə keçidlə bağlı müzakirələr aparıldığı diqqətə çatdırıb: “Azərbaycan ilə Avropa İttifaqı arasında yeni hərtərəfli saziş üzərində danışıqlar 2017-ci ildən aparılır və layihənin 90 faizi artıq razılaşdırılıb. Ölkəmizdə Aİ-nin üzv dövlətlərindən 1700-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycanın əsas ticarət və ən böyük ixrac tərəfdaşı olan Avropa İttifaqı ilə ticarət dövriyyəsi ötən il 9,5 milyard ABŞ dolları təşkil edib.
Azərbaycan Prezidentinin Brüsseldə NATO-nun Baş katibi Yens Stoltonberqlə görüşünə diqqət çəkən S.Xasayeva vurğulayıb ki, NATO-nun Şimali Atlantika Şurasının iclasında, Alyansa üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə bir daha dəstək ifadə olundu. Dünyanın ən nüfuzlu alyanslarından olan NATO ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edən deputat söyləyib: “Azərbaycan müstəqil olan gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurub. 2022-ci ildə NATO ilə Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü qeyd olunacaq. Ölkəmizin Alyansla əməkdaşlığı 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Onun 1997-ci il noyabrın 21-də imzaladığı Fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub. Azərbaycanın xarici siyasətində də əsas istiqamətlərdən biri Alyansa inteqrasiyadır və bu proses gedir”.
Deputat vurğulayıb ki, Vətən müharibəsində qazandığımız Zəfərdən sonra Azərbaycanın regionda yaratdığı reallıq NATO tərəfindən də qəbul edildi və Alyansın bu ilin iyun ayında Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarıldı. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizlik ilə əlaqəli olan elmi və ekoloji məsələlər təşkil edir.
“Regionda sülh və təhlükəsizliyin təmin edilməsi, kommunikasiyaların açılması təkcə Azərbaycan və region üçün deyil, bəşəriyyət üçün gərəklidir. Azərbaycan iştirak etdiyi bütün diplomatik görüşlərdə bəşəriyyətin təmsilçisi kimi çıxış edir. Brüssel görüşündə də belə oldu. Prezident İlham Əliyevin qətiyyəti Azərbaycanın xarici siyasətinin dəyişməzliyinin təsdiqidir” , – deyə S.Xasayeva qeyd edib.

