Yeni il münasibətilə “Kənddən şəhərə” gətirilən məhsullar – BAYRAM YARMARKASINDAN REPORTAJ
Bayram bazarlığı üçün yarmarkalara üz tutmağa, əlimizi cibimizə salmağa dəyərmi, yoxsa?..
Bakıda və Abşeronda – 3 fərqli ünvanda yerləşən yarmarkada 100-ə yaxın fermer öz təsərrüfatlarının məhsulları ilə iştirak edirlər
Yeni ilə sayılı günlər qalıb. Bayram süfrələmizi növbənöv təamlarla bəzəmək üçün sərfəli bazarlıq fürsəti axtarışındayıq. Elə bu səbəbdən də dekabrın 20-dən 30-dək Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən şəhərə” Yeni il yarmarkası təşkil edib.

Qeyd edək ki, Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda Kənddən Şəhərə” Yeni il yarmarkası ( Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A) vətəndaşların xidmətində olacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer öz təsərrüfatlarının məhsulları ilə iştirak edirlər.

Vətəndaşlar gəlib ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarını ala bilərlər

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov “İki sahil”ə açıqlamasında bildirdi ki, dekabrın 20-dən etibarən “Kənddən şəhərə” Yeni il yarmarkalarımız fəaliyyət başlayıb və 11 gün davam edəcək: “Vətəndaşlar paytaxtda və Abşeronda 3 fərqli nöqtədə təşkil olunan yarmarkamıza gəlib ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ala bilərlər. Yarmarkalar səhər saat 10-dan axşam saat 19:00-dək fəaliyyət göstərəcəklər. Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır. 11 gün ərzində vətəndaşlar gəlib ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarını ala bilər. ”
Fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla təmin olunublar
V.Hüseynov əlavə etdi ki, bayram yarmarkaların təşkilinə təxminən 3 həftə əvvəl başlamışıq. “Aqrar Tədarük və Təchizat” ASC bölgələrdə fermerlərə müraciət edərək yarmarkalara məhsul çıxarmağı tövsiyə edib. Hansı fermerin satmaq üçün məhsulu varsa, biz onlara bütün zəruri dəstək göstəririk: “Fermərlərlə söhbət zamanı belə bir fakt ortaya çıxdı ki, fermerlərin məhsulu var, amma Bakıya gətirməkdə nəqliyyat problemi ilə üzləşirlər. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi bölgələrdən kənd təsərrüfatı məhsullarının yarmarkaya daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib. “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər.”
Müsahibimiz vurğuladı ki, yarmarkadakı qiymətlər digər satış kanallarına, bazarlara, supermarketlərə nisbətən daha ucuzdur: “Təbii ki, qiymətləri fermerlər müəyyənləşdirir. Məhsulun maya dəyərinə təsir göstərən bəzi amilləri (həm pulsuz yemək, həm də məhsulların Bakıya çatdırılması) aradan qaldırmışıq.”
Karantin rejiminin tələblərinə tam əməl olunur

Vüqar Hüseynov onu da qeyd etdi ki, “Kənddən Şəhərə” Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla təşkil edilir: “Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə əvvəlcədən dezinfeksiya işləri aparılıb, həmçinin yarmarkanın fəaliyyəti boyunca tibbi-profilaktik vəziyyətə, o cümlədən
“Aqrar İnkişaf Könüllüləri” vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına, tibbi maskadan düzgün istifadə olunmasına, sanitar-gigiyena qaydalarına əməl olunmasına xüsusi nəzarət edəcəklər. Həmçinin, mütəmadi olaraq fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
“İki sahil” TV olaraq Nərimanov rayonunda yerləşən (“Gənclik” metro stansiyasının çıxışında) ilin yekun “Kənddən şəhərə” bayram yarmarkasındakı məhsulların keyfiyyəti və qiymətləri haqqında daha ətraflı məlumat almaq üçün müşahidələr apardıq:
“Gənclik” stansiyasının yanında açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gəlmiş fermerlər və sahibkarların yetişdirdikləri kənd təsərrüfatı məhsulları satılır. Burada təklif edilən ərzaq və tərəvəz məhsulları münasib olduğu üçün şəhər sakinləri bu məhsulları böyük həvəslə alırlar.Yarmarkanın piştaxtalarını bir-birindən fərqli və rəngarən məhsullar bəzəyir.
Bəs bayram bazarlığı üçün yarmarkalara üz tutmağa, əlimizi cibimizə salmağa dəyərmi, yoxsa?..
“Gəl, ay müştəri” deyərək piştaxta arxasından boylanan kim, məhsullarını səliqə ilə düzüb, qiymətlərini nizamlayıb, alıcılarının yolunu gözləyən kim, günün ilk müştərilərini məmnun etmək üçün çalışan kim…
Müştəri endirim istəyəndə razı oluruq

Vaxt itirmədən onlardan biri fermer Qəhrəman İbrahimova yaxınlaşdıq. O, yarmarkaya Astaradan müxtəlif növ sitrus meyvələri gətirib. Məhsulları haqqında bizə məlumat verdi: “Bu məhsulları öz həyətyanı sahədə yetişdirmişəm. Mandarin, limon, portağal, kinkan və kivi satıram. Alıcların cibinə uyğun, həm özümüz, həm də onlar üçün münasib olacaq qiymətlər müəyyənləşdirmişik. Portağal 2 manat 50 qəpik, mandarin 1 manat 70 qəpik, kinkan 3 manat, kivi isə 1.50-2 manatdır. Yəni, çalışırıq ki, həm məhsullarımız yerdə qalmasın, həm alıcılar bizdən razı qalsın. Ona görə də müştəri endirim də istəyəndə razı oluruq.”
Heyva 70 qəpik, almalar isə növündən asılı olaraq 60-80 qəpik arasında dəyişir

Günəş Eldarov isə Quba rayonundan öz təsərrüfat məhsullarını satmaq üçün gəlib. Fermer məhsullarını bazara çıxarmağa görə yaradılan şərait ilə əlaqədar minnətdarlığını bildirib: “Sağ olsun Kənd təsərrüfatı Nazirliyi, məhsullarımızı satmaq üçün belə imkan yaradıb. Biz də burada məhsullarımızı çox rahat şəkildə satırıq. Məhsullarım arasında almanın müxtəlif növləri və heyva var. Heyva 70 qəpikdir, almalar isə növündən asılı olaraq 60-80 qəpik arasında dəyişir. 3 kilosu 1 manata olan alma növləri də satışdadır. Öz məhsullarımız olduğuna görə bazar qiymətləri ilə müqayisədə çox böyük fərq var. İstəyirik ki, gələn müştəri əliboş qayıtmasın, razı qalsın.
Başqa heç bir yerdə kivi, ərik, əzgil, heyva, şaftalı turşusu tapmassınız

Rəftarə Şükürova isə Lənkəran rayon İstisu qəsəbəsindəki bağından olan məhsullar, özlərinin istehsalı olan turşu və mürəbbələrlə yarmarkaya qatılıb: “Başqa heç bir yerdə olmayan məhsullarımız var. Məsələn kivi, ərik, əzgil, heyva, şaftalı turşularımız var. Turşular üçün 3 manat, mürəbbələr kiçik qablaşdırma 3 manat, 1 kiloluq qablaşdırma isə 6 manatdır. ”
Nehrə yağı 12 manat, pendir 6-7 manatdır, istəyənə endirim də edirik

Daşkəsən rayonundan gələn fermer Natiq Bayramovun piştaxtasını isə süd məhsulları bəzəyir: “Əvvəla, biz fermərlər üçün yaradılan belə şəraitə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkürümü bildirirəm. Mən, əsasən süd məhsulları satıram. Qeyd edim ki, məhsullarımız bazar qiymtələrindən çox aşağıdır. Nehrə yağı 12 manat, pendir 6-7 manat, yumurta 25 qəpik, qatıq 3 kiloqramı 3 manat, xama kiloqramı 9-10 manat, tut doşabı 8-9 manat, yarım litrliyi 5 manatdır. Alıcılar istəyəndə, endirim də edirik”.
Məhsulların qiymətinin münasib olmasını alıcılar da təsdiqlədilər:
Supermarketlərdə 1 manat 10 qəpiyə satılan kartof burada 70 qəpikdir

Alıcı İdris Hüseynovun piştaxtalardan birində kartof seçdiyini görüb ona yaxınlaşdıq ki, görək qiymətdən razıdırmı? O, qiymətlərin cibinə uyğun olduğunu bildirdi: “Supermarketlərdə 1 manat 10 qəpiyə satılan kartof burada 70 qəpikdir. Yarmarkadan məhsul almağın büdcəmizə xeyri var. Məhsulların çeşidi də boldur. Satıcılar da bizimlə mülayim və nəzakətlə rəftar edirlər. Çox məhsul aldıqda endirim də edirlər. Adam yarmarkadan nə isə almadan çıxmaq istəmir.”
Belə rahat satış bazarı yaradılması vətəndaşlar üçün böyük köməkdir

Bəturə Həsənova yarmarkadan bayram süfrəsini dadlandırmaq üçün ördək və qaz əti aldığını vurğuladı: “Ördək ətinin kilosunu 8 manata, qaz ətinin kilosunu 10 manata aldım. Qiymətlər sərfəlidir. Yarmarkanın ilk günündə hələlik bunları aldım. Bayrama az qalmış meyvə və digər zəruri məhsulları da gəlib buradan alacağam. Yarmarka mənim işlədiyim yerə yaxındır. Nə zaman açılırsa, gəlib buradan bazarlıq edirəm. Məhsulların keyfiyyəti də yaxşıdır. Belə əlverişli və rahat satış bazarı yaradılması vətəndaşlar üçün çox böyük köməkdir. Çünki burada təbii məhsullar gətirib satırlar. Həm də qiymətlər çox münasibdir.
Sonda qeyd edək ki, digər satış obyektləri ilə müqayisədə alıcılara məhsulu daha ucuz və sərfəli qiymətə təklif edən bayram yarmarkalarından həm fermerlər, həm də alıcılar məmnundurlar.













