Siyasət 

“Türkiyə “Böyük 20-lik”dən çıxarıla bilər” iddiası

Ekspert: “Bir çox ölkələr, o cümlədən ABŞ Türkiyənin o blokda qalmasında maraqlıdır”

Türk lirəsinin qiymət itirməsi və iqtisadiyyatın daralması fonunda Türkiyənin G-20-dən (“Böyük 20-lik”) çıxarılacağı ilə bağlı fikirlər səsləndirilir. Məlumdur ki,  G-20 dünyada ən böyük iqtisadiyyata, ümumu daxili məhsula (ÜDM) malik ölkələrin təmsil olunduğu platformadır.

Bu ölkələrin iqtisadiyyatı ümumi daxili məhsulun həcmi ilə və dollar ekvivalentində ölçülür. İndi dollar ekvivalentində Türkiyənin ümumi daxili məhsulunun həcmi kifayət qədər aşağı düşüb. Ümumi daxili məhsul əsas götürüldüyündən, bəzi ekspertlər Türkiyədə ümumi daxili məhsulun dollar ifadəsində kəskin azalması səbəbindən Türkiyənin G-20 formatından kənarda qala biləcəyini deyirlər. Hazırda Türkiyəyə qarşı bir qərəzli siyasət olduğunu da nəzərə alsaq, qardaş ölkənin həmin formatdan kənarda qalmasında maraqlı olan qüvvələr var.

Bu iddiaları necə dəyərləndirmək olar, Türkiyənin bu formatdan  uzaqlaşdırılması baş verə bilərmi? Ümumiyyətlə G-20 nə qədər siyasi, nə qədər iqtisadi və nə qədər geosiyasi platformadır?

REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, türk lirəsi dekabrın 20-si axşamdan başlayaraq müəyyən qədər dəyər qazanmağa başladı: “Prezident Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra çıxışı oldu və türk lirəsi ilə bağlı müəyyən zəmanətlərin verilməsini nəzərdə tutan qərarlar verildiyini söylədi. Yəni məzənnə fərqində uduzanların dövlət tərəfindən kompensasiya olunacağı, xarici ticarətdə isə sabit məzənnə rejiminə bənzər bir rejimin olacağı və həmin məzənnədə xaricə mal ixrac edənlərin uduzması baş verəcəksə, zərərin Türkiyə hökuməti tərəfindən qarşılanacağı söyləndi. 18 lirəyə qədər bahalaşan dollar bu qərarların açıqlanmasından sonra 12,5 lirəyə endi, lirə müəyyən qədər möhkəmləndi. Türkiyə hökuməti vəziyyəti anlayır və müəyyən addımlarla lirəni sabitləşdirməyə çalışır.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli 

G-20 məsələsinə gəlincə, bu əməkdaşlıq formatı təkcə iqtisadi əsaslı format deyil, burada siyasi çalarlar da kifayət qədər mövcuddur. Elə ölkələr var ki, kifayət qədər kiçik ölkələrdir, ancaq ÜDM-in artım potensialı da var, amma o ölkələri heç vaxt G-20-yə hətta namizəd kimi dəvət belə, etməyiblər. Çünki burada siyasi amillər də rol oynayır. Türkiyəyə gəlincə, lirənin dəyərdən düşməsinə qədər G-20 ölkələri sırasında ÜDM-in həcminə görə 17-ci böyük iqtisadiyyata malik ölkə idi. İndi lirənin dəyərdən düşməsi Türkiyənin ÜDM-nin azalmasına və nəticədə Türkiyənin G-20-də iki pillə geriləməsinə səbəb olub. Türkiyə artıq 19-20-ci yerlərdədir. Lakin bu heç də Türkiyənin G-20-dən çıxarılması anlamına gəlmir. Ona görə ki, Türkiyədən daha sonra gələn ölkələrin ÜDM-i hələ də Türkiyədən aşağıdır. Yəni Türkiyə üçün G-20-dən kənarda qalmaq təhlükəsi hələ ki yoxdur. Lirənin dəyərdən düşməsi çox sürətlə davam etsəydi, məsələn, dollar 20-22 lirəyə qədər bahalaşaydı, o zaman ÜDM-də çox kəskin azalmaların şahidi ola bilərdik və Türkiyənin G-20-dən çıxarılması üçün formal bir səbəb yarana bilərdi. Lakin bu da o demək deyil ki, həmşn anda da Türkiyə çıxarılacaqdır. Çünki G-20, dediyimiz kimi, həm də bir siyasi blokdur, çox ölkələr, o cümlədən ABŞ Türkiyənin o blokda qalmasında maraqlıdır. Ona görə ki, Türkiyə ordusunun həcminə, gücünə görə NATO-nun ikinci ən güclü dövlətidir, bölgədə ən güclü dövlətlərdən biridir və Qərbin bölgə siyasətində Türkiyənin mühüm rolu var. Bu və digər məsələlərə görə Türkiyənin G-20-dən çıxmasını ən azından ABŞ istəməz. Lakin məsələn, Fransa Türkiyənin bu klubdan çıxmasını təklif edə bilər. Amma ümumilikdə götürəndə bu təhlükə real deyil”.

Bəs G-20-də olmaq ölkəyə hansı üstünlüklər gətirir?

Ekspert qeyd etdi ki, ilk növbədə prestij məsələsidir: “Burada olmaq o deməkdir ki, sən dünyanın 20 ən güclüsündən birisən, dünyada belə qəbul olunursan. İkincisi, iki ildən bir G-20-nin böyük sammiti olur, ildə bir dəfə isə kiçik sammitləri keçirilir, il ərzində nazirlərin də tez-tez toplantısı olur. Dünya iqtisadiyyatı ilə bağlı müzakirə olunan məsələlərin iştirakçısına çevrilirsən. Bu da dünya siyasətində ölkənin çəkisini göstərən amilə çevrilir. Dünyada oyun qaydalarının qurulmasında söz sahiblərindən birinə çevrilmək imkanı var G-20-də olarkən. Bu baxımdan təbii ki, qardaş Türkiyənin orada olması çox vacibdir”.

Etibar SEYİDAĞA,

Daha çox xəbərlər