YAP Prezidentin yubileyi ilə bağlı tədbir keçirəcəkmi – açıqlama
Hikmət Babaoğlu: “Prezident İlham Əliyevin siyasi mədəniyyətimizə gətirdiyi yeni bir ənənə var”
Sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. 24 dekabr 1961-ci ildə Bakı şəhərində dünyaya gələn İlham Əliyevin yubiley yaşıdır. Ad günlərini təmtəraqlı keçirməyi sevməyən Prezident İlham Əliyevin 60 illik yubileyi fərqli olacaqmı?
Hakim Yeni Azərbaycan Partiyası Prezidentin yubileyinə necə hazırlaşır? Hansı tədbirlər planlaşdırılır?
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Milli Məclisdəki deputat qrupunun koordinatoru Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi mədəniyyətimizə gətirdiyi yeni bir ənənə var: “O da bütün əlamətdar günlərin xalqla birlikdə və görülən işlərin icrası ilə bərabər təşkil olunması ənənəsidir ki, bu, olduqca təqdirəlayiqdir. Şübhəsiz ki, əlamətdar günlərdə daha çox görülən işlərin hesabatı Azərbaycan Prezidenti tərəfindən daim diqqətdə saxlanılır. Eyni zamanda gələcək inkişafımızla bağlı müxtəlif təməlqoyma, müxtəlif obyektlərin açılışı ilə müşahidə olunur. Bu mənada əlbəttə ki, Prezidentin sədri olduğu Yeni Azərbaycan Partiyası da ənənəyə sadiq olaraq məhz bu istiqamətdə bir sıra addımlar atır. Onlardan biri partiyanın dekabrın 21-də İqtisadi Kommunikasiyalar Mərkəzində keçirdiyi tədbir oldu. Prezidentin yubileyi münasibətilə keçirilən bu tədbir daha çox ölkəmizdə həyata keçirilən işlərin geniş mənada bir daha ictimai diqqətə çatdırılması formasında oldu”.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycanın son iki yüz illik siyasi tarixində heç bir liderə nəsib olmayan işlərə Azərbaycan Prezidenti İlham Əliyev imza atıb. Ona görə də hazırkı mərhələdə əlamətdar günləri də məhz əldə etdiyimiz qələbənin fonunda yaşayırıq: “Bu mənada mən düşünürəm ki, sadəcə, bu faktın özü özlüyündə 24 dekabr gününün nə qədər əhəmiyyətli olduğunun göstəricilərindən biridir. Çünki hərbi-siyasi tariximizin, hərbi-diplomatik tariximizin son iki yüz ildə ən böyük zəfərini əldə etmişik. Bütün bunlar əlbəttə ki, Azərbaycan xalqı üçün mühüm tarixi hadisədir və öz liderinin hər hansı şərti yaş dəyişməsi hadisəsi də bu qələbənin, tarixi zəfərimizin fonunda baş verən hadisə kimi ümumxalq səviyyəsində əlamətdar gün hesab edilir”.

