Bir ailənin faciəsi FOTO

Bir ailənin faciəsi FOTO

Masallıda N. Gəncəvi adına şəhər Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən  Xalq teatrında  nümayiş olunan  “Bir ailənin faciəsi” adlı  tamaşa aktual ictimai problemlər olan narkomaniya və erkən nikahların yaratdığı fəsadlardan bəhs edirdi.  Masallı Dövlət Regional Kolleci,  rayon Gənclər və İdman İdarəsi, Masallı Gənclər Evi, rayon Polis Şöbəsi və Xalq teatrının birgə təşəbbüsü ilə hazırlanan bu səhnə işinin ssenari müəllifi  tanınmış jurnalist Əlihüseyn Şükürovdur.

Tamaşanın təqdimatından əvvəl  Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolat və başqaları çıxış edib onun məramı və maarifləndirici tərəfləri barədə söhbət  açdılar. Natiqlər hər iki   ictimai problemi günümüzün aktual məsələsi kimi  xarakterizə etdilər, narkomaniyaya qarşı təxirəsalınmaz profilaktik işlərin əhəmiyyətindən, erkən nikahlara qarşı maarifləndirmə  tədbirlərinin təşkilindən danışdılar, eləcə də  problemlərlə aidiyyəti qurumlarla yanaşı, cəmiyyətin bütün təbəqələrinin birgə mübarizəsinin vacibliyini bildirdilər.

Çıxışlardan sonra «Bir ailənin faciəsi” tamaşası başlandı.  Məlumat üçün bildirim ki, tamaşada narkomaniya və erkən nikahların doğurduğu ailədaxili və ictimai problemlərə diqqət çəkilməklə, potensial təhlükələrin bədii üsullarla qabarıq təsvir verilibdir. Həm də tamaşada problemlərlə effektiv mübarizə vasitəsi kimi maarifin rolu da göstərilir.

“Bir ailənin faciəsi” tamaşasına rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı, səslənən musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

Zəfər Orucoğlu,

Azərbaycan  Jurnalistlər Birliyinin  üzvü