Bəşəriyyət yaranandan bu günə qədər hər bir toplum, cəmiyyət, xalq və dövlət üçün onun liderinin kim olması çox vacib amil olub. Bugün biz qüdrətli ordusu, güclü iqtisadiyyatı, beynəlxalq arenada önəmli mövqeyi, müstəqil xarici siyasəti olan qalib ölkəyiksə bunun səbəbi, ilk öncə 1993-cü ildə Azərbaycan xalqının düzgün qərar verərək ümumilli lider Heydər Əliyevi təkidli tələblə rəhbərliyə gətirməsi və daha sonra 2003-cü ildə Onun layiqli davamçısı, siyasi kursunun sədaqətli daşıyıcısı olan İlham Əliyevə səs verməsidir. Yeni əsrin yeni lideri İlham Əliyev hakimiyyətdə olduğu 18 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağımızın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Onun düşünülmüş siyasəti, möhtəşəm idarəçiliyi, illərdir əzmkarlıqla yürütdüyü Ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan II Qarabağ müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezidentimizin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Qarabağ ən qısa zamanda çiçəklənən diyara çevriləcək, əvvəlki şöhrətinə qovuşacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaq.
Azərbaycan dövlətinin başçısı kimi İlham Əliyevin şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Lider, mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri, ilk növbədə, insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. İlham Əliyev məhz bunu bacardı. Bütün cəmiyyəti vahid, ərazi bütövlüyü bərpa olunmuş, hər qarışında şanlı bayrağımızın qürurla dalğalandığı bir Azərbaycan amalı ətrafında birləşdirdi. Bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsindən fərqli olaraq Vətən müharibəsində xalqımızın hər bir fərdi, hətta qeyri-millətlərdən olan vətəndaşlarımız belə cəbhəyə, cəbhədən gələcək ən kiçik xəbərlərə kökləndi, bir an belə inamını itirmədən, tərəddüd etmədən şanlı Orduya və onun Ali Baş Komandanına dəstək nümayiş etdirdi. Və nəticədə cəbhədə əldə etdiyimiz uğurların davamı kimi tarixi 10 noyabr Bəyanatı imzalandı. Bununla da 27 il davam edən əsarət sona yetdi, BMT TŞ-nin kağız üstündə olan Qətnamələri şəxsən Azərbaycanının özünün, öz gücünə icra olundu. Əlbəttə ki, bu heç də asan başa gələn bir proses deyildi. Bunun üçün 17 il davam edən gərgin əmək, düşünülmüş, hədəfə hesablanmış siyasət, güclü iqtisadiyyat və müstəqil beynəlxalq politika öz sözünün dedi. Bu yolda inamlı addımlarla irəliləyən ölkə rəhbəri ilk günlərdən etibarən xalqın etimadını qazandı və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğruldaraq Qarabağımızı əzəli sahiblərinə qaytardı.
Beləliklə, dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahı tutur. Bu gün Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yerli investisorların marağı artıb. İnamla demək olar ki, uzun illər Prezidentin həyata keçirdiyi bütün siyasi manevrlər öz bəhrəsini verdi. İndi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında müxtəlif aspektlərdən ön cərgədə dayanır. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir. İlham Əliyevin böyük rəhbərlərə məxsus dərin zəkası, güclü enerjisi və çevikliyi ondadır ki, o, gələcək çətinlikləri əvvəlcədən görərək xalqımızı və dövlətimizi buna hazırlayır. Bu gün Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli dövlət xadimi olduğunu bir daha görür. Ölkəmizdə hələ bir neçə il bundan əvvəl reallaşdırılan iqtisadi və sosial layihələr, struktur və kadr islahatları Azərbaycanı müxtəlif çətin situasiyalardan çıxarmağa hesablanmış tədbirlər idi. Qətiyyətli Liderin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın möhtəşəm nailiyyətləri həm də ölkə gəncliyi tərəfindən böyük iftixarla və sevinclə qarşılanır, təqdir edilir. Azərbaycan gəncliyinin özünəinamını artıran və ölkə həyatının müxtəlif sahələrində, beynəlxalq müstəvidə uğurla təmsil olunmasını şərtləndirən çox mühüm amillərdən biri ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısıdır. Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı.
Səkinə Rüstəmzadə,
YAP Pirallahı rayon təşkilatının fəalı
