Siyasət 

Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə

Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara – mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.

ARANTV.AZ  xəbər verir ki,  bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Şuşanın məşhur Cıdır düzündə çıxışı zamanı deyib.

Prezident bildirib: “Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm o vaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Daha çox xəbərlər