Siyasət 

İlham Əliyevin bu addımı düşmənə gözdağıdır – RƏY

Ölkə başçısı Prezidentliyi dövründə sözünün, vədinin ağası olan bir rəhbər kimi özünü bütün dünyaya təqdim etdi.

Bunu Publika.aza açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“Prezident İlham Əliyevin sözü ilə imzası üst-üstə düşdü. Cənab Prezident ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən dediyi sözləri, verdiyi vədləri yerinə yetirdi. Ali Baş Komandanımız Prezidentliyinin ilk günündən elan etdi ki, torpaqlarımızı işğaldan azad edəcəyik və etdi! Hər prezident, hər rəhbər liderə çevrilə, sevimli ola bilmir. Cənab Prezidentimiz həm də xalqın lideri, ağsaqqalı oldu. Xalqımızın başçısına çevrildi. Başçı sözü vəzifə deyil, bu, liderlikdir. O, qalib prezident, qalib Ali Baş Komandandır. Bu, hər kəsə nəsib olmayan bir həyat salnaməsidir.

Ölkə başçısı öz ad günlərini, yubileylərini məcburi köçkünlərlə keçirirdi, artıq bu gün Hadrutdadır. Hadrut dağlıq ərazidir. Bu gün oralar tamamilə qara bürünüb. Hər tərəf qardır. Cənab Prezidentimiz Hadruta təsadüfən getməyib. Ölkəmizin başçısı oradan bütün dünyaya bəyan edir ki, bu torpağın əsl sahibləri bizik. Üstəlik, biz buradayıq – mesajını verir. Ölkə başçısının öz yubileyini Hadrutda qeyd etməsi hər birimiz üçün böyük qürur və şərəfdir, ləyaqətdir. Cənab Prezident oradan sözlərini, fikirlərini bütün dünyaya çatdırır. Onun Hadrutda olması düşmənə gözdağıdır. Düşmənlərimizin ürəyini partladan bir mesajdır. Təbii ki, bütün bunlar çox vacib məqamlardır. Bilirsiniz, belə bir gündə, özünün 60 illik yubileyində paytaxtdan çox uzaqda və 30 ildən sonra işğaldan azad olunmuş bir yerdə olmaq bir daha xalqın inamını qazanmaqdır. Bu, bir daha xalqın etimadını doğrultmaqdır. Eyni zamanda bir daha xalqa ümid verməkdir. Bu, bir daha bəyan etməkdir ki, bu torpaqların sahibləri bizik və biz buradayıq. Cənab Prezidentimizi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!”, – deputat qeyd edib.

Daha çox xəbərlər