Siyasət 

Türkiyə və İsrail barışığın bir addımlığında

“Türkiyə İsraillə dialoqun bərpasına böyük önəm verir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin yəhudi icmasının üzvləri ilə görüşündə deyib. Prezident bildirib ki, ilk növbədə Qüds də daxil olmaqla, Fələstin məsələsi ilə bağlı atılacaq addımlar fələstinlilər qədər İsrailin təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək. Ərdoğan islamofobiyanı antisemitizmlə eyniləşdirərək, bu hadisələrin hər ikisinin insanlığa qarşı cinayət olduğunu qeyd edib.

Bundan əvvəl Türkiyə liderinin administrasiyası məlumat vermişdi ki, Ərdoğan israilli həmkarı İshaq Hersoqla telefon danışığında iki ölkə arasındakı fikir ayrılıqlarının minimuma endirilməsinin tərəfdarı olduğunu bildirib.

Belə görünür ki, Azərbaycanın strateji müttəfiqi ilə strateji tərəfdaşı arasında əlaqələrin tam həcmdə bərpasına bir şey qalmayıb. Barışıq yaxındamı və bu, Güney Qafqaz bölgəsinə pozitiv anlamda necə inikas ola bilər?

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, yaxın Şərqdə iki aparıcı geosiyasi aktor olan Türkiyə və İsrail arasında dialoqun genişləndirilməsi prosesi gedir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yəhudi icmasının üzvləri ilə görüşündə bir sıra müsbət mesajlar verməsi də bunun əyani göstəricisidir. Eyni zamanda Ərdoğanın islamafobiyanı antisemitizmlə eyniləşdirərək bu hadisələrin hər ikisinin insanlığa qarşı cinayət olduğunu qeyd etməsi də göstərir ki, dünyada islam düşmənləri və antisemitistlər geniş yayılıb və dini, mənəvi baxımdan məsələlərə yanaşmanı da göstərir. Türkiyənin regionda yürütdüyü siyasi xətt məhz islam həmrəyliyinin genişləndirilməsinə yönəlib. Türkiyə Prezidentinin İsrailin də maraqlandığı və daha çox özü üçün prioritet hesab etdiyi məsələləri bildirməsi hər iki dövlətin yaxınlaşmasına xidmət edən addımlardır.

Politoloq Bakı Bəyyanaməsinin önəmini şərh edir - 29.07.2021, Sputnik  Azərbaycan

İlyas Hüseynov: “Azərbaycan cəmiyyətində Türkiyə ilə İsrailin bayraqları yanaşı qaldırılır”

Türkiyə və İsrail prezidentlərinin bir qədər öncə telefon danışığı da göstərir ki, Azərbaycanın iki müttəfiqinin uzun müddətdən bəri davam edən soyuq, gərgin münasibətləri düzəlir. Regionda geosiyasi, təhlükəsizlik və digər məsələlərdə hər iki dövlətin oynadığı rol onu deməyə əsas verir ki, onların yaxınlaşması region üçün böyük əhəmiyyət daşıyır. Türkiyə və İsrailin münasibətlərinin yaxşılaşmasından həm bu ölkələrin özləri, həm də region, o cümlədən Azərbaycan qazanacaq. Regionda təhlükəsizlik məsələlərinin həllində bu yaxınlaşma ciddi rol oynayacaq”.

Ekspertə görə, kollektiv Qərbin yaxın Şərqdəki iki strateji tərəfdaşının indiki həssas dövrdə münasibətlərinin düzəlməsi zərurəti yaranıb: “Qərbin də istəyi bundan ibarətdir ki, təhlükəsizlik mühitinin daha da gücləndirilməsi, geosiyasi baxımdan maraqların uzlaşdırılması Tələvivlə Ankaranın yaxınlaşmasını zəruri edir. Bu zərurət onları münasibətlərini yaxşıladırmağa sövq etməkdədir. Odur ki, Türkiyə ilə İsrail fikir ayrılığını, ziddiyyətləri kənara qoyaraq birgə hərəkət etmək istiqamətində kurs götürüblər. Bu, Azərbaycanın da maraq dairəsindədir. Azərbaycanın iki müttəfiqi arasında əlaqələrin tam bərpa olunması Azərbaycanın milli maraqlarına da uyğundur.

Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də cari ilin aprelində İsrail mətbuatına bildirmişdi ki, Türkiyə Azərbaycana qardaş ölkə İsrail isə strateji tərəffdaşımızdır, biz istəyirik ki, dostlarımız bir-biri ilə dostluq etsinlər. Azərbaycan da Ankara – Təl-Əviv – Bakı geosiyasi oxunda mühüm rola malik olmaqda israrlıdır və dostlarımızın yaxınlaşması istiqamətində bir sıra təşəbbüslərlə çıxış edir. Düşünürəm ki, Azərbaycanda hər iki dövlətə olan münasibət bu dövlətlərin yaxınlaşması istiqamətində də bir sıra ümumi dəyərləri birləşdirməkdə yardımçı olur. Azərbaycan cəmiyyətində Türkiyə ilə İsrailin bayraqları yanaşı qaldırılır”.

Nədən ölkənin 90 faiz narazı elektoratı üzdə olan liderlərə inanmırlar?" - Əli  Orucov - Unikal.org

Əli Orucov: “Münasibətlər düzələndən sonra İsraildə səfirliyimizin açılması istiqamətində addımlar atılmalıdır”

Siyasi analitik Əli Orucov isə bildirdi ki, İsraillə Türkiyə arasında münasibətlər 1949-cu ildən yaranıb: “İsrailin müstəqilliyini tanıyan ilk müsəlman dövləti məhz Türkiyə olub. Yəni həmişə Türkiyə ilə İsrail arasında siyasi, hərbi, iqtisadi əlaqələr yüksək olub. 2011-ci ildən sonra münasibətlər gərginləşib. Səbəbləri də kifayət qədər aydındır. ”Mavi Mərmərə” gəmisi olayı münasibətləri drammatikləşdirdi. Bu iki dövlətin münasibətlərinin pozulması, qarşıdurma vəziyyəti hər ikisinin bütün istiqamətlərdə zərərinə idi, eyni zamanda regionun xeyrinə deyildi. İndi münasibətlərin yavaş-yavaş normallaşmasını onların və regionun maraqları diktə edir. Danışıqların bir müddətdir gedir. Hər iki dövlət münasibətlərini bərpa etməlidir. İsraillə ərəb ölkələri arasında da münsibətlərin normallaşması istiqamətində addımlar atılır.

Azərbaycana dost olan bu iki dövlətin münasibətlərinin gərgin olması Azərbaycanı çətinliklərlə üzləşdirirdi. Münasibətlərin bərpa olunması ilk növbədə Azərbaycanı həmin çətinliklərdən xilas etmiş olacaq. Digər tərəfdən də Türkiyə və İsrailin regionda birlikdə hərəkət etməsi reallaşa bilər ki, bu da regionda çox ciddi təhlükəsizlik zəncirinin yaranması demək olar. İqtisadi baxımdan da bu yaxınlaşmanın ciddi təsirlərinin olması qaçılmazdır. Bunun bizə də ciddi faydası olacaq. Regionda sülhün və təhlükəsizliyinin qorunmasına töhfəsini verəcək”.

Ə.Orucov hesab edir ki, Türkiyə-İsrail münasibətlərinin düzəlməsindən sonra Azərbaycan İsraildə səfirliyini açmaq istiqamətində addımlar atmalıdır. Azərbaycan-İsrail münasibətləri də tələb edir ki, İsraildə səfirliyimiz açılsın.

Daha çox xəbərlər