Milli həmrəylikdən möhtəşəm Zəfərə doğru
30 ildir ki, ölkəmizdə və ondan kənarda yaşayan 50 milyonluq xalqımızın qeyd etdiyi dünya azərbaycanlılarının həmrəyliyi günü ümummilli lider Heydər Əliyevin ən yeni tariximizə bəxş etdiyi möhtəşəm bir ümumxalq bayramıdır. Bu bayram dünya azərbaycanlılarına bir ananın övladları olduqlarını anladır, onları məfkurə telləri ilə bir-birinə bağlayır, milli varlığımızın çevrəsinə, xalqımızın birlik və həmrəylik yoluna gur işıq salır. Böyük rəhbərin bu tarixi töhfəsinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması həm də milli dövlətçilik məfkurəmiz olan azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dünyada yaşayan azərbaycanlıların həmrəyliyi ideyası cənab İlham Əliyevin bu xətti davam etdirməsi heç bir alternativ qəbul etməyən zərurət olub, azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, məzmununu bütövləşdirən konseptual siyasətdir. Ulu öndərin dövlətçilik ideologiyası səviyyəsinə qaldırdığı və Prezident cənab İlham Əliyevin daim rəhbər tutduğu azərbaycançılıq məfkurəsi isə artıq dünyada yaşayan hər bir soydaşımızın qəlbinə hakim kəsilərək, onları ciddi ümummilli hədəflərə yönləndirib.
2020-ci ildə xalqımızın Qarabağda apardığı Vətən müharibəsi günlərində dünyada yaşayan soydaşlarımızın bu haqq işimizə göstərdiyi maddi və mənəvi dəstək Azərbaycanın dünyada yaşayan soydaşlarımızın yurd sevgisi və milli qürur mərkəzi olduğunu qəti surətdə təsdiq etdi. Vətən müharibəsi dövründə təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarının həmrəylik nümayiş etdirərək lokal mübarizədə üstünlük qazanması, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması tarixi Zəfər Qələbəmizi şərtləndirən amillərdən oldu. Erməni işğalçılarına qarşı Azərbaycan xalqının 44 günlük müzəffər hərbi, ictimai, siyasi, diplomatik və informasiya mübarizəsində Ali Baş Komandan İlham Əliyevin Sözü– xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə önəmli və təsirli rol oynadı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur, məxsusi olaraq onun Ali Baş Komandanlığı altında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi Ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Azərbaycanın qazandığı bu qələbələr bütün dünyada yaşayan azərbaycanlıların nailiyyəti kimi dəyərləndirilə bilər. Çünki müasir müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların Vətəni hesab olunur. Qarbağda qazandığımız tarixi zəfər 2020-ci ili ikiminillik tariximizə ən böyük döyüş qələbəsi kimi yazdı. 50 milyonluq dil, din və məfkurə qardaş-bacılarımız, xalqımız doğma Azərbaycanımızın çiçəklənməsi və qüdrətlənməsi naminə daha böyük səylər göstərəcəklər.
Azərbaycançılıq anlayışının bütün dünyada yüksəldilməsi nəticəsində bu gün heç bir azərbaycanlı özünü bir rusdan, bir almandan, bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir. Milli qürur yalnız sözdə deyil, həm də işdə, əməldədir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixi ildönümünün xoş duyğularını yaşamaqda davam etdiyimiz bir məqamda azərbaycançılıq məfkurəsinin dünya boyu uğurla yayıldığını, soydaşlarımızı vahid bir hədəfə– milli həmrəyliyə səfərbər etdiyini düşünmək olduqca qürurverici bir duyğu-düşüncədir. Azərbaycançılıq ideologiyası bütün azərbaycanlıları vacib məqsədlər ətrafında birləşdirir. Bu məqsədlər birlik və həmrəylik, müstəqil dövlətimizin inkişafına və daha da gücləndirilməsinə xidmət etməkdən ibarətdir.
Mehparə Mansırova,
Pirallahı rayonu, 168 nömrəli tam orta məktəbin direktoru

