Hadrutdakı Komando briqadası Ermənistana ciddi xəbərdarlıqdır
Bu hərbi birləşmə həm dağlıq, həm də meşəlik ərazilərdə ən çətin döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Ölkəmiz Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.
Dekabrın 24-də Ali Baş Komandan İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando Briqadası ordumuzun gücünə yeni güc qatacaqdır. Komando Briqadası ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya-kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.
Ali Baş Komandan açılış zamanı bildirib ki, Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Azərbaycanda bir çox Komando briqadaları yaradılır və onlar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar: «Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq».
Xocavənd rayonunun Hadrut qəsəbəsində belə bir hərbi hissənin yaradılması çox böyük əhəmiyyət daşıyır. Çünki Prezidentin də qeyd etdiyi kimi, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə aid olmuş yerdə yerləşir. Yəni, Hadrut separatçı-terrorçu rejimin tör-töküntülərinin qaldığı ərazilərə çox yaxındır. Bu ərazidən həm separatçılara nəzarət etmək, hətta gələcəkdə antiterror əməliyyatı üçün istifadə etmək olar.
Ali Baş Komandan bildirib ki, bu gün Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir: «Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, – digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq».
Təkcə 2022-ci il üçün dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin 4 milyard 499 milyon 238,9 min manat olması da bunu təsdiqləyən reallıqdır. Prezident xüsusi vurğulayıb ki, müharibədən sonra imzalanmış yeni müqavilələr də icra edilir və artıq Azərbaycan Ordusunun arsenalına ən müasir silahlar, texnikalar gətirilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək.
Bütün bunlar onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi Azərbaycana güclü və zəif tərəfləri göstərdi. Ona görə də savaşdan sonra ordumuz daha da modernləşir.
Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bu işi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır. Həmçinin yeni hərbi islahatlar və quruculuq tədbirləri birbaşa olaraq Prezidentin şəxsi nəzarəti, diqqəti və himayəsi altındadır. Bu isə, ilk növbədə, məsuliyyət, səmərəlilik və şəffaflıq kimi meyarların təmin edilməsini nəzərdə tutur.
Bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı durmadan təkmilləşən Azərbaycan Ordusu xalqın güvənc yerinə çevrilib.

