“Ağ ölüm”lə mübarizə sağlam gələcək deməkdir
Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə ocaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında. şğal altında olduğu illərdə Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarla narkotik laboratoriya fəaliyyət göstərməkdə idi. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınırdı.
Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirilməlidir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən müdrik rəhbərin 1996-cı il avqustun 26-da imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” Fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin Fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qadağan edilmişdir. Ulu Öndərin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə imzaladığı tarixi Fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi. 2011-ci il oktyabrın 17-də BMT-nin dəstəyi ilə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda paytaxtımızda keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.
Respublikamızda bu qlobal problemin həlli sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi bir sıra proqramlar, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 2009-cu il tarixli Qanunu ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətində yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasına rayonun hüquq-mühafizə orqanlarının, Gənclər və idman idarəsinin, Təhsil və Mədəniyyət şöbələrinin nümayəndələri daxil edilmişdir.
Komissiya aidiyyatı dövlət orqanları ilə birlikdə narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin təhlilini müzakirə olunması məqsədilə dəyirmi masalar keçirmiş, rayon Təhsil, Gənclər və İdman İdarələri ilə birgə narkomanlığı profilaktikası istiqamətində işin daha da gücləndirilməsi üçün Tədbirlər Planı hazırlayaraq təsdiq etmişdir.
2021-ci ilin ötən dövründə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı 117 cinayət faktı qeydə alınmışdır. Bunlardan 31 fakt narkotik vasitələrin qanunsuz satışı, 80 fakt narkotik vasitələrin qanunsuz saxlaması, 6 fakt narkotik vasitələrin kultivasiyası ilə bağlı olmuşdur. Ümumilikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 6569,75 qram narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılmışdır. Bunlardan 2030,976 qram çəkidə narkotik vasitə olan heroin, 126,1 qram çəkidə narkotik vasitə olan tiryək, 4411,58 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 201,857 qram digər narkotik vasitə, 2359,857 qram isə güclü təsiredici aşkar olunaraq götürülmüşdür.
İl ərzində rayonun ümumtəhsil məktəblərin də narkomaniyaya qarşı mübarizə mövzusunda müxtəlif tədbirlər keçrilməsi planlaşdırılsa da mövcud pandemiya şəraiti ilə əlaqədar bu tədbirlərin böyük hissəsi təxirə salındı. Buna baxmayaraq ilin son aylarında katantin qaydalarına tam riayət olunmaqla bəzi tədbirlər keçirilmiş və tədbirlərdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və bu işə məsul olan əməkdaşları, yuxarı sinif şagirdləri və müəllimlər yaxından iştirak etmişlər.
Nurbala Mirzəyev,
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyanın sədri

