Müxalifət liderlərinin Yeni il planları, 2022-ci ildən gözləntiləri…
Onlar hansı yeniliklər vəd edirlər?
“Yeni Müsavat” il sonunda müxalifət partiyalarının Yeni ili planları ilə maraqlanıb.
AĞ Partiya başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Cavanşir Abbaslı “Yeni Müsavat”a açıqlamasında 2022-ci ilin xalqımız üçün uğurlu il olacağına dair ümidli olduğunu ifadə etdi: “Öncəliklə şəxsim və partiyamız adından xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Geridə qoyduğumuz ili həm xalqımız üçün, həm də AĞ Partiya üçün uğurlu hesab etmək olar. Ümid edirik ki, 2022-ci il xalqımızın yaddaşında, AĞ Partiyanın tarixində yaddaqalan illərdən biri olacaq. Bayram günü ilə bağlı xüsusi bir planımız yoxdur.

Cavanşir Abbaslı
Sözün düzü, şən əhval-ruhiyyədə bayram keçirmək, üstəlik, bunu göstərməyin tərəfdarı deyilik. Bəli, bayramı ürəyi istəyən kimi keçirmək hər kəsin öz hüququdur. Amma unutmayaq ki, helikopter qəzasında həyatını itirən şəhidlərimizin hələ 40-ı çıxmayıb. Eyni zamanda 44 günlük Zəfər qələbəmizlə əlaqədar qürur hissi ilə yanaşı, bu qüruru bizlərə yaşadanların yaxınlarının kədərləri də var”.
Partiya rəsmisi 2022-ci ilə dair planlarla bağlı bildirdi ki, partiyanın fəaliyyət istiqamətində çox ciddi dəyişikliklər nəzərdə tutulmur: “AĞ Partiya mövcud olduğu illər ərzində hər zaman aktivliyini qoruyub, hətta əminliklə deyərdim ki, siyasi düşərgədə aktivlik indeksində ilk sıradadır. Üzvlərimizin sayını daha da artırmaq düşüncəsindəyik. 2021-ci ildə minlərlə üzv qəbul etdik və bu axın davam edir. Bir sözlə, bu templə davam edəcəyik. Bilirsiniz ki, Azərbaycan Parlamentində 6 deputat yeri boşdur və qarşıdan gələn ildə bu yerlərə seçkilərin keçiriləcəyi iddia olunur. Həmin seçki mübarizəsində aktiv şəkildə iştirak etməyi, hər yer uğrunda inamla qələbə üçün mübarizə aparmağı hədəfləmişik. Əgər iddia edilən seçkilər keçirilsə, düşünürəm ki, 2022-ci ilə ”Seçki ili” adını vermək olar. Amma çox istərdik ki, Qarabağla bağlı bəzi problemlərimiz nəhayət ki, həll olunsun, 2022-ci il “Qarabağ ili” kimi tarixə həkk olunsun”.

Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə “Yeni Müsavat” a bildirdi ki, Yeni ili evində, ailəsi ilə birgə qarşılayacaq. 2022-ci ildən gözləntilərlə bağlı isə partiya sədri qeyd etdi ki, məcburi köçkünlərin yurdlarına dönəcəklərinə ümid edir: “Əgər seçim imkanım olsa idi, 2022-ci ili ”Geri dönüş ili” adlandırardım. Çünki məcburi köçkünlər 30 ildir yurd-yuvalarından didərgin düşüblər. Millətimiz geri dönüşü gözləyir. Biz yurdumuza qayıtmasaq, məskunlaşmasaq, problemlər həll olunmayacaq, həmçinin yeni təhlükələr yarana bilər. Buna görə də ilk növbədə yurdumuza qayıtmalıyıq”.
Böyük Azərbaycan Partiyasının sədri həmçinin bildirdi ki, 2021-ci il qalib gəldiyimiz müharibədən sonrakı il oldu. Buna görə də BAP bu il milli dövlətçilik mövqeyindən çıxış etdi: “Dövlətimizin möhkəmlənməsi üçün çalışdıq. Ən əsası, bu il ideoloji mübarizəyə daha çox zaman sərf etdik. İstər ölkədaxili, istərsə də beynəlxalq təşkilatlarla məktublaşdıq. Üzərimizə düşən məsələləri həll etməyə çalışdıq. 2022-ci ildən gözləntilərimiz çoxdur. İstəyirik ki, ölkədə müxtəlif sahələrdə – hakimiyyət bölgüsü, idarəetmə, iqtisadi azadlıqlar və başqa sahələrdə ciddi fundamental islahatlar aparılsın”.

Fuad Əliyev
Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev də Yeni ili evdə, ailə üzvləri ilə birgə keçirəcəyini bildirdi: “Yeni ili ailə üzvlərimlə evdə qarşılayacağam. Ənənəvi olaraq hava çox da soyuq olmasa, Yeni ili qarşıladıqdan sonra bulvara gedəcəyik. 2022-ci ildə Liberal-Demokrat Partiyasının qurultayını keçirməyi planlaşdırırıq. Qurultaya hazırlaşacağıq. 2022-ci ilə ad verməyə gəlincə, ”İslahatlara davam” adını seçərdim. İslahatlar vətəndaşların sosial rifahına, yaşayışın normal həddə çatdırılmasına yönəldilsə, korrupsiya və rüşvətə qalib gəlsək, uğurlu il olacaq deyə düşünürəm. Partiyanın fəaliyyətində yeniliklər olacaq və bu yeniliklər qurultayda öz əksini tapacaq”.

