Moskva Ankara ilə İrəvanın arasına girdi – “Biz də…”
Rusiyanın hiyləgər planı…
Ankara ilə İrəvan arasında ilin son ayında ilıqlaşan münasibət, danışıqları aparacaq xüsusi nümayəndənin təyin edilməsi prosesin Moskvadan kənarda aparıla biləcəyi gümanını yaratmışdı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair mətbuat konfransında qeyd edib ki, İstanbul-İrəvan aviareysləri qısa müddət ərzində açılacaq. Nazir deyib ki, Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə bilər. O bildirib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb. Türkiyə tərəfi də danışıqların vasitəsiz keçirilməsinə tərəfdardır. Ermənistanın baş naziri Nikol Paşinyanın da bu mövzuda açıqlamalarında təmasların birbaşa və vasitəçisiz olmasına tərəfdar olduğu görünür.
Ermənistanın niyə görüşün Moskvada keçirilməsini təklif etməsi üzərindəki “sirr pərdəsini” Rusiyanın xarici işlər nazirinin müavini öz açıqlaması ilə götürüb. “Rusiya münasibətlərin normallaşması üzrə dialoqda Ermənistan və Türkiyə arasında vasitəçilik etməyə, istənilən formada yardım göstərməyə hazırdır”, – deyə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“İlkin şərtlər irəli sürülməsindən imtina etməyi, tədricən etimad və mehriban qonşuluq mühitinin formalaşmasına yol açan qarşılıqlı məqbul hesab olunan mövzulara və addımlara köklənməyi vacib hesab edirik”, – nazir müavini deyib.
Rusiyanın “araya girmək” istəməsinin səbəbi nədir? Ankaranın Cənubi Qafqazda mövqelərinin daha da möhkəmlənə biləcəyi əndişəsimi var?

Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın ilk görüşün məhz Moskvada keçirilməsi təklifi çox güman ki, Rusiyanın istəyinin ifadəsidir: “Yəni Rusiya bunu istədiyi üçün İrəvana belə bir təklifi irəli sürmək göstərişini vermiş ola bilər. Əsas səbəblərdən biri odur ki, Ermənistan müstəqil qərarlar qəbul eləməyə malik ölkə deyil. Ermənistan bir sıra xarici dövlətlərin, xüsusilə Rusiyanın təsiri və təzyiqi altındadır. Ona görə də Rusiya tərəfindən irəli sürülən və Rusiyanın marağına xidmət edən təşəbbüsləri məcburiyyət qarşısında qəbul etməyə məhkumdur. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin qurulmasında da vasitəçiliyini daha ciddi şəkildə dünyaya nümayiş etdirmək üçün ilk görüşün Moskvada keçirilməsini istəyir. İrəvan da bu istəyə uyğun hərəkət etmək məcburiyyətindədir”.
Ekspertin sözlərinə görə, Moskva bu məsələdə də vasitəçilik etməklə Cənubi Qafqazda Ankaranın təsirini zəiflətməyə, regionda yeganə vasitəçilik missiyasını həyata keçirən dövlətin məhz Rusiya olduğunu nümayiş etdirməyə çalışır: “Ermənistanla Türkiyənin münasibətlərinin qurulmasını Avropa İttifaqı, Qərb də istəyir. Zaman-zaman buna təşəbbüslər də ediblər. Lakin Rusiya İrəvana təsir edərək bu təşəbbüslərin reallaşdırılmasına mane ola bilib. İndi isə Rusiya bölgədə yeganə vasitəçinin özü olduğunu dünyaya sübut etməyə çalışır”.
Ankaranın görüşün vasitəçi olmadan keçirilməsi mövqeyinə gəlincə, M.Sadəddinov hesab edir ki, bu mövqe düzgündür. Ona görə ki, əgər söhbət münasibətlərin bərpasından, qurulmasından gedirsə, burada vasitəçiyə ehtiyac yoxdur: “Məsələni Türkiyə ilə Ermənistan öz aralarında danışıqlarla həll edə bilərlər. Bu iki ölkə arasında müharibə getmir ki, vasitəçiyə müəyyən mənada ehtiyac olsun. Türkiyə düzgün olaraq istəyir ki, görüşlər növbə ilə Türkiyədə və Ermənistanda keçirilsin. Yəni iki ölkə münasibətlərini öz meydanlarında düzəltməlidir, üçüncü meydana ehtiyac yoxdur”.
Həmsöhbətimizin fikrincə, Rusiya çalışacaq ki, ən azından Türkiyə ilə Ermənistanın arasında formalaşan münasibətləri nəzarətdə saxlasın. Amma bu, müəyyən dövrə qədər davam eləyə bilər: “Bir müddət sonra Rusiya buna təsir etmək imkanlarını itirəcək. Ermənistan-Türkiyə münasibətləri qurulandan sonra Türkiyənin Cənubi Qafqazda təsiri daha da artacaq. Bu əlaqələr Ermənistanın Rusiyadan asılılığını bir qədər azaldacaq. Türkiyənin Ermənistana təsir imkanları artacaq”.

