Dünya 

Dünyanın ən qaynar nöqtələri açıqlandı

ABŞ-ın “Foreign Policy” jurnalı planetin ən qaynar nöqtələrini açıqlayıb.

Nəşrin ekspertlərinin fikrincə, Efiopiya, Tayvan, İran və Ukrayna 2022-ci ildə irimiqyaslı silahlı münaqişənin başlaya biləcəyi “barıt çəlləkləri” rolunu oynaya bilər.

Federal hökumətlə Tiqrayın Azadlığı Uğrunda Xalq Cəbhəsi qüvvələri arasında baş verən toqquşmalara görə Efiopiya dünyanın ən qaynar nöqtələri siyahısına daxil edilib. Müəlliflər hesab edirlər ki, Afrikadakı potensial müharibələr qitədəki müxtəlif radikal islamçı hərəkatların fəaliyyəti nəticəsində də baş verə bilər.

Həmçinin, Tayvan ərazisində və ya Cənubi Çin dənizində ABŞ və Çin döyüş təyyarələri ilə bağlı təsadüfi insident bu böyük dövlətlər arasında müharibənin başlanğıcı ola bilər. Nəşrin qənaətincə, hazırkı şəraitdə bu, tamamilə mümkündür.

İrimiqyaslı müharibəyə Vaşinqton və Tehran arasındakı münasibətlər də təkan verə bilər. Jurnalın müşahidəçiləri proqnozlaşdırırlar ki, İran uranı zənginləşdirməyə davam edəcək və güclü kütləvi qırğın silahları yaratmaq imkanı əldə edəcək. Bundan sonra ABŞ və İsrail Tehranın nüvə potensialını zəiflətmək üçün ölkə ərazisinə hava zərbələri endirməli olacaqlar.

Ekspertlərin rəyinə görə, NATO-nun Şərqi Avropaya genişlənməsi, xüsusən də Ukrayna ətrafında yaranmış vəziyyət də genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Mütəxəssislər bildirirlər ki, mənfi ssenarilərin qarşısını almaq üçün diplomatik təmasları artırmaq mühüm əhəmiyyət daşıyır.

Mənbə: “RİA Novosti”

Daha çox xəbərlər