Naxçıvanda qış və dağ turizmi sahəsində bir ilk
Yamac paraşütçüləri Naxçıvana səfər ediblər. Şahbuz rayonunun ərazisində, dağların qoynunda yerləşən Ağbulaq İstirahət Mərkəzində olan qonaqlar burada maraqlı uçuşlar həyata keçiriblər.
ARANTV.AZ xəbər verir ki, “AirGame Paragliding” şirkətinin direktoru Fərid Məmmədov və digər idmançıların iştirakı ilə Ağbulaq İstirahət Mərkəzindən sonra Əlincəqalanın zirvəsindən də uçuşlar olub.
İzləyənlərə həyəcanlı anlar yaşadan paraşüt səyahəti muxtar respublikada bir ilk olmaqla, turizmin hərtərəfli inkişafından xəbər verir.
Qeyd edək ki, Naxçıvanda yaradılan infrastruktur turizmin müxtəlif sahələrinin inkişafına imkan verib. Son illərdə qış və dağ turizmində də mühüm canlanma müşahidə edilir. Buna görə də idmanın hava və ekstremal növləri ilə məşğul olanlar Naxçıvanda mövcud olan bu imkanlara maraq göstərirlər. Son bir neçə ildir ki, xarici ölkə alpinistləri muxtar respublikanın əzəmətli dağlarına maraqlı səfərlər edir, həmin anları sosial şəbəkələrdə paylaşırlar.

