Siyasət 

“Şuşa ili”- “yumşaq güc”ün daha bir rəmzi

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsinin böyük tarixi əhəmiyyəti var. Şuşa şəhəri Azərbaycan milləti üçün təkcə ərazi deyil, milli-mənəvi ruh, mədəniyyət, milli kimlik məsələsidir.

ARANTV.AZ xəbər verir ki,  bu fikirlər Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlının “Şuşa ili”- “yumşaq güc”ün daha bir rəmzi” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, tariximizdə ilk dəfə olaraq bir il şəhər ili elan edildi. Bu da səbəbsiz deyil. 2022-ci ildə Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi tamam olur. Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulandan bəri Şuşa şəhərinin taleyində xoş və qara günlər, illər çox olub. 1904-1905-ci illərin qanlı hadisələrinin izləri hətta XX əsrin 70-ci illərinə qədər qalırdı. 1970-ci illərdə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə MK Bürosu Şuşa şəhərinin tarixi hissəsinin dövlət qoruğu elan edilməsi haqqında qərar qəbul etmişdi. Qala divarlarının bərpasına 25 min manat vəsait ayrılmışdı. Şəhərdəki tarix və memarlıq abidələri bərpa edilmişdi. Ulu öndər Heydər Əliyev şəhər rəhbərliyinə və sakinlərinə tarixi və mədəni abidələri qorumağı tövsiyə etmişdi. Şəhərdə mədəniyyət müəssisələri, emalatxanalar, sanatoriya açılmışdı. 1982-ci il yanvarın 14-də Şuşada böyük şair, Qarabağ xanının vəziri Molla Pənah Vaqifə 18 metrlik məqbərə ucaldılmışdı. Vaqif Poeziya Günləri keçirilirdi.

1992-ci ilin may ayında Azərbaycanda xaos və anarxiya olanda Şuşa şəhəri işğal edildi, tamamilə dağıdıldı. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi təkcə bir ərazinin xilası deyildi, eyni zamanda, dünya mədəniyyəti yaradan Azərbaycan millətinin zəngin və qədim mədəniyyətinin barbarların əsarətindən xilas edilməsi idi. İşğaldan azad edildikdən qısa müddət sonra şəhər tarixində indiyədək görünməyən böyük tikinti-quruculuq işlərinə başlanılıb.

Şuşa öz tarixinin yeni dövrünə qədəm qoyub. Dövlət başçımızın Şuşa şəhərinə etdiyi səfərlərin hər birində ya yeni infrastruktur layihələrinin təməli qoyulub, ya da yeniləri açılıb. Şəhərdəki məscidlər, Qazançı kilsəsi təmir edilib. Bülbülün ev-muzeyi yenidən qurulub. Hotellər açılıb. Natəvanın, Üzeyir bəyin, Bülbülün işğalçılar tərəfindən güllələnmiş büstləri yerinə qoyulub. Vaqifin məqbərəsi yenidən tikilib. “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Prezidentimiz İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də böyük tarixi əhəmiyyət daşıyan müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsini imzalayıblar. Şuşa Azərbaycanın hərb, siyasi, dilpomatik, mədəniyyət meydanında qələbəsinin rəmzidir. “Xarıbülbül” musiqi festivalı bütün dünyaya bir mesaj oldu.

“Şuşa İli”ndə həyata keçiriləcək tədbirlərin Azərbaycanın “yumşaq güc”ünün yeni uğurlu vasitəsi olacağına inanıram. Hesab edirəm ki, bu tədbirlər siyasi, iqtisadi, ictimai, mədəni, təhsil, elm, humanitar və idman sahələrini əhatə edəcək. Toplantılar Şuşa şəhəri, bütövlükdə Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasında başlıca rol oynayacaq. Bu ildə Şuşanın tarixinə, arxeologiyasına, mədəni, ədəbi və ictimai mühitinə həsr edilmiş beynəlxalq elmi konfranslar keçirmək olar. Dünya media orqanları nümayəndələrinin Şuşa görüşünü təşkil etmək fayda verərdi. Beynəlxalq Şuşa şahmat turniri, çövkan at yarışları, dünya ölkələrinin şagirdləri və tələbələri arasında Şuşaya dair yazı müsabiqəsi keçirmək, dünyanın görkəmli ictimai xadimlərinin səfərini təşkil etmək olar. İslam, xristian, yəhudi din xadimlərinin Şuşa toplantısını keçirmək böyük bir iş olardı.

Daha çox xəbərlər