Siyasət 

“Şuşa ilində” Şuşa şəhərimiz azadlığının müasir intibahını yaşayacaq

Bildiyimiz kimi Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Şuşa ili kimi təsdiq olunub.  Prezidentimizin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan olunması,  burada “Xarıbülbül” festivalının  keçiriləcəyi, Vaqif poeziya günlərinin bərpa olunacağı xəbərləri hər birimizdə xoş hisslər yaradır.

Çox gözləmək lazım gəlmədi. Zəfər günündən altı ay sonra Cıdır düzündən yüksələn muğam, musiqi sədaları bütün dünyaya yayıldı. Bu,  kimin kim olduğunu,  kimin hansı mədəniyyətə sahib olduğunu, Qarabağın əsl sahiblərinin kim olduğunu əyani surətdə nümayiş etdirdi.

Pənahəli xanın təxminən 270 il əvvəl təməlini qoyduğu Şuşada işğal dövrünə qədər həmişə azərbaycanlılar yaşayıblar, bu şəhərin bütün aurasına, daş-divarına başdan-başa Azərbaycan ruhu hopub.  Prezident İlham Əliyevin Şuşada “Xarıbülbül”  festivalın  xüsusi vurğuladığı: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu” bu ifadəsində tarixi həqiqət özünü əks etdirir.

Şuşaya dəfələrlə səfər edən Prezident İlham Əliyevin dediyi kimi hər dəfə buraya gələndə adam buradan ayrılmaq istəmir: “Şuşanın özünəməxsus  aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur”.

Xalqımız 30 il Qarabağ, Şuşa həsrəti ilə yaşayıb, amma bu gözəl diyara, bənzərsiz şəhərə qayıtmaq inamını heç vaxt itirməyib.

Ulu öndər Heydər Əliyevin illər öncə sarsılmaz inamla söylədiyi  bu fikirlər: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik” 23 il sonra çin oldu,  Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.  Biz artıq Şuşadayıq, biz Laçına, Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə qovuşmuşuq. Üçrəngli bayrağımızın Qarabağda əzəmətlə dalğalandığı günü görmək, müqəddəs  Qarabağ torpağını öpmək həqiqətən böyük xoşbəxtlikdir ki, bizə nəsib oldu.

Biz canını gözəl Qarabağımızın düşmən tapdağından azad olunması naminə fəda edən qəhrəman Vətən övladlarına, sağlamlığını itirən qazilərə, rəşadətli Ordumuza, Azərbaycan əsgərinə borcluyuq.  Xalq öz Prezidentinin, Ordu öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşdi və bu, Qələbəni şərtləndirən əsas amil oldu. Bu arzunu gerçəkliyə çevirən hər kəsin qarşısında baş əyirik! Həlak olmuş qəhrəmanların xatirəsi əbədi yaşayacaq!

Heç şübhəmiz yoxdur ki, “Şuşa ili” çərçivəsində Şuşamızın və ümumi Qarabağımızın  möhtəşəm  şəkildə dəyişiləcəyini görəcəyik. Bu torpaqlara yenidən həyat qaytarılacaq, dağıdılmış şəhərlərə ruh və can veriləcək.

Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon təşkilatının sədri

Daha çox xəbərlər