Gündəm 

“2022-c il İl Azərbaycan Ordusu üçün çox sıx döyüş hazırlığı ili kimi yadda qalacaq” – Şair Ramaldanov

Müdafiə Nazirliyindən verilən məlumata görə, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

Heç şübhəsiz ki, “Eternity – 2022”, “EFES – 2022”, “Sarsılmaz Qardaşlıq – 2022”, “Qış təlimi – 2022”, “Beynəlxalq Ordu Oyunları – 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək. Bundan başqa, cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

Polkovnik Şair Ramaldanov keçən illə müqayisədə bu il təlimlərin sayının çox olacağını açıqladı: “Azərbaycan ordusunun hər il olduğu kimi, bu il də döyüş hazırlığı planı var. Bu döyüş hazırlığı planında bütün tədbirlər müəyyənləşdirilir, o cümlədən birgə təlimlər, birgə dəvət olunanlar, seminarlar və s. Əlbəttə, ötən ilə nisbətən bunların sayı çoxdur. Bunu da anlamaq olar. Ona görə ki, keçən il biz təzə müharibədən çıxmışdıq, hərbi hissələrimiz təzəcə yerləşirdi. Demək olar ki, işğaldan azad olunmuş ərazilərdə hərbi hissələrin təltiflənməsi prosesi gedirdi. O hərbi hissələr ki, bu proseslərdə iştirak etmirdi, onlar öz döyüş hazırlıqları ilə məşğul idilər.

Ötən il ərzində ordumuzda çox böyük işlər aparıldı. Hərbi hissələr üçün yeni işğaldan azad olunmuş ərazilərdə xidmət üçün yeni insfrastrukturlar yaranıb. Hətta döyüş hazırlığı, təlimlər, atışlar üçün yerlər ayrılıb. O yerlər təhlükəsizlik baxımından mina sahələrindən təmizlənib və maddi texniki təminat məsələləri həll olunub. 2022-ci ildə isə Azərbaycan çoxsaylı beynəlxalq təlimlərə dəvət alıb. O dəvətlər qəbul olunub. Azərbaycan ordusu müharibə təcrübəsi olan bir ordudur. Bu ordu XXI əsrin tələblərinə cavab verən bir müharibə aparıb. Demək olar ki, bu müharibənin nəticələri ilə bərabər Azərbaycanda aparılan müharibənin təcrübəsi böyük dövlətlərin ali məktəblərində dərs vəsaiti kimi istifadə olunur, öyrənilir. Bu fonda da əlbəttə, Azərbaycan hərbçilərinə maraq çoxdur. Nəticədə dəvətlərin sayı da çoxalmaqdadır. Bu da təbiidir.

Deyərdim ki, Azərbaycan hərbçiləri hazırda çox diqqət mərkəzindədirlər. Harada olursa olsun çox böyük maraqla onları dinləyir, onlara suallar verirlər. Vətən müharibəsində çətin relyefdə mübarizə aparmaq, eyni zamanda, Şuşa kimi yeri azad etmək bütün dünyada marağa səbəb olub. Azərbaycan daim çoxsaylı tədbirlərə dəvət alırdı. Ancaq bu dəvətlər tamam başqa platformalardadır. Ölkəmiz bu il üçtərəfli təlimlər də planlaşdırır, həm Azərbaycan, Türkiyə və Gürcüstan, həm də Azərbaycan, Türkiyə və Pakistan.

Ümumilikdə isə, Azərbaycan Türkiyə ilə çox sıx təlim planlaması var. Bu da təbiidir. Çünki Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərməsi üçün təlimlər keçirilməlidir. İki qardaş ölkənin ordu nümayəndələri birgə tapşırıqları yerinə yetirmək, fəaliyyət göstərmək üçün birgə təlimlər keçirmələri vacibdir. Burada bir fərq görmürəm. Çünki qardaş ölkə ilə müharibəyə qədər çoxsaylı təlimlər keçirmişik. Ancaq indi müharibədən irəli gələn bir təcrübə var. Eyni zamanda, iki qardaş ölkənin indi qarşı qoyulan hərbi tapşırıqları bir-birinə çox yaxın olacaq. Ötən illə müqayisədə bu il haradasa iki dəfə çox tədbirlər planlaşdırılır”.

Polkovnik qardaş ölkə faktoruna xüsusi yer ayırdı: “Türkiyə bildiyiniz kimi NATO-nun ən güclü ölkələrindən biridir. Ordusu Avropa məkanında çox güclü hesab edilən ordulardan sayılır. Bu ordu ilə döyüş təcrübəsi olan Azərbaycan ordusunun birliyi, birgə təlimləri onu göstərir ki, ordumuzun mütəxəssisləri, heyəti, vəzifəsindən və rütbəsindən asılı olmayaraq hazırlıq səviyyəsi o dərəcədədir ki, bu gün Türkiyə ordusu kimi ordunun nümayəndələri ilə ayaqlaşa bilirik, birgə təlimlərdə iştirakçı oluruq. NATO məkanında planlaşdırılan təlimlərə Azərbaycan ordusu da dəvət olunub. Əlbəttə, bunların hamısı ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini gələcəkdə  daha da gücləndirəcək faktorlardan biri olacaq. Gəlin il biz 2022-ci ilə nəzərdə tutulan bu planların hər birinin uğurla həyata keçirilməsini arzulayaq. Çünki il çox sıx döyüş hazırlığı ili kimi yadda qalacaq”.

Daha çox xəbərlər