Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər – Aytən Ziyadova
«Son zamanlar uşaqlar arasında yayılan xəstəliyin mövsümlə əlaqəli infeksiya, yoxsa koronavirus (COVID-19) olması ilə bağlı məsələyə aydınlıq gətirilməməsi valideynlər arasında müəyyən təşvişə səbəb olub. Bilmək lazımdır ki, bəzi uşaqların bu xəstəliyi bir qədər ağır keçirməsi onların koronavirusa yoluxması demək deyil. Uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır.»
Bu fikirləri «İki sahil» qəzetinə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova bildirib.
Aytən Ziyadova qeyd edib ki, uşaqlarda yüksək qızdırma, boğaz və baş ağrısı, iştahasızlıq, bəzi hallarda qusma və s. simptomlar müşahidə edilir. Övladlarında həmin şikayətləri müşahidə edən valideyn müraciətlərinin sayı artıb. Bu, ölkədə uşaqlar arasında qrip virusunun geniş yayıldığının göstəricisidir. Əslində, qış aylarında qripin, yayılması normal haldır. Ötən il yeni növ koronavirus (COVID-19) pandemiyasına görə qapanmalar tətbiq olunduğu üçün ünsiyyət az idi və bu, uşaqların qrip virusuna sürətlə yoluxmasının qarşısını almışdı. Hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir. Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər”. Evdə xəstə adamlar varsa, mütləq maskadan istifadə edilməlidir. Valideynlər xəstələnmiş uşaqlarını müalicədən sonra, yəni tamamilə sağalandan sonra təhsil müəssisəsinə göndərməlidirlər. Çünki nəzərə almaq lazımdır ki, immuniteti zəif olan uşaqlar xəstəliyə daha tez yoluxur.
Pediatr vurğulayıb ki, hazırda virus infeksiyalarının arasında koronavirus olsa belə uşaqlar arasında xüsusi ağırlaşma halları müşahidə edilmir. Uşaqlar bu virusla hələ ki, mübarizə apara bilirlər. Uşağın hərarəti birdən-birə yüksəlirsə, öskürək, ishal olmursa o zaman bu da virusun əlamətidir. Bu zaman tövsiyə olunur ki, analar antibiotikə müraciət etməsinlər. Çünki bunun fonunda immunitet zəifləyir.
A.Ziyadova diqqətə çatdırıb ki, immuniteti yüksək saxlamaq üçün vitaminli qidalara üstünlük vermək lazımdır. Xəstəliklə mübarizədə qidalanmanın böyük əhəmiyyəti var. Əslində, immun sisteminin yüksəkliyi genetik amillərdən də asılıdır. İdman, stress və yuxu faktorlarına da nəzarət etmək lazımdır.
Sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür. Eyni zamanda, valideynlər övladlarını mövsümi qripdən peyvəndlənmə ilə qoruya bilərlər. 6 aydan böyük olan uşaqlara qripə qarşı peyvənd vurmaq mümkündür. Peyvənd ilk dəfə vurulursa, iki doza bir ay ara ilə vurulmalıdır. Əgər keçən il vurulubsa, sadəcə bir doza kifayətdir. Əlavə olaraq şəxsi gigiyena qaydalarına əməl etmək və xəstəliyə yoluxan şəxslərlə təmasdan çəkinmək lazımdır.

