Xaçınçay su anbarı bərpa olunur
Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı bərpa olunur.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə AzTV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, 30 ilə yaxın bir müddətdə işğal altında olan anbar baxımsız vəziyyətdə saxlanıldığından və heç bir təmir-bərpa işləri görülmədiyindən yararsız vəziyyətdədir.
“Xaçınçay su anbarı 1964-cü ildə tikilib. Anbarın uzunluğu 940 metr, su tutumu isə 23 milyon kubmetrdir. İşğaldan əvvəlki dövrdə 8 min hektar torpaq sahəsinin suvarılmasında, eləcə də Ağdam şəhərinin su təminatında böyük rol oynayıb. Lakin işğal dövründə Xaçınçay su anbarında heç bir təmir işi aparılmayıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin tapşırığına əsasən bu il anbarda təmir-bərpa işləri aparılacaq. Mütəxəssislər yerində baxış keçirib, smeta-layihə işləri hazırlanıb və ərazidə minatəmizləmə işləri yekunlaşıb. Artıq tenderin keçirilməsi nəzərdə tutulur. Bəndin özündə təmir-bərpa işləri görüləcək, eyni zamnda suötürücü qapı və suaparıcı kanal beton örtüyə alınmaqla 30 kilometrlik kanalda təmir işləri aparılacaq” – H.Əzimzadə bildirib.
İdarə müdiri əlavə edib ki, bərpa işlərindən sonra anbarın su təminatı potensialı da artacaq.”Hazırda anbardan istifadə edilmir. 23 milyon kubmetr su tutumuna malik olsa da, indi bu, 12-13 milyon kubmetrə enib. Bunun da səbəbi odur ki, heç bir iş görülmədiyindən anbar tamamilə yararsız vəziyyətə düşüb. İşlər tamamlandıqdan sonra sun anbarı 2 min hektardan artıq ərazinin suvarılmasına xidmət edəcək. Bununla yanaşı idarənin balansında 327 subartezian quyusu var ki, bunlardan da 12-si tam səviyyədə bərpa olunaraq əhalinin xidmətinə verilib” – deyə o qeyd edib.

