Kişi yaşadığı evin həyətində bıçaqlandı – YENİLƏNİB
Yanvarın 10-u saat 1 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilməsi və həmin şəxsin hadisə yerindən qaçması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
09:48
Ağdaş rayonunda kişi yaşadığı evin həyətində bıçaqlanıb.
ARANTV.AZ-ın məlumatına görə, rayonun Ləki qəsəbə sakini, 1986-cı il təvəllüdlü Zaur Əliyev yaşadığı evin həyətində naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, ürək nahiyəsinin dəlib keçən yarası ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Aparılan axtarış əməliyyat tədbirləri nəticəsində Z.Əliyevə xəsarət yetirən Yevlax rayon sakini Nurlan Xəlilov saxlanılıb.

