“Omikron” gəldi, özü ilə nələr gətirəcək?
Koronavirusun yeni ştamı ilə bağlı gərginlik qarşıdakı üç ayda davam edəcək
Ölkəmizdə “Omikron” ştamı aşkarlanandan sonra həkimlərin gəldiyi qənaət belədir ki, yaxın vaxtlarda yoluxma sayı artacaq. Ümumdünya Səhiyyə Təşkilatının xüsusi elçisi Devid Nabarro da deyib ki, koronavirusun “Omikron” ştamının yayılması ilə bağlı gərginlik qarşıdakı üç ayda davam edəcək. Ekspertin fikrincə, “Omikron”dan sonra başqa variantlar da ortaya çıxa bilər: “Ciddi məhdudiyyətlər tətbiq etmək heç bir ölkədə, xüsusilə də kasıb ölkələrdə mümkün deyil. Amma çətinliklər bundan sonra cəmi üç ay davam edəcək” – deyə ekspert vurğulayıb. “Omikron”un sürətlə yayıldığını nəzərə alsaq, Azərbaycanda xəstəliyin artması gözləniləndir. Avropa artıq bu ştamla ilin sonundan mübarizə aparır və hələ ki heç bir nəticə əldə edilməyib, xəstəlik sürətlə yayılmaqda davam edir. Hansı qadağalar mütləqdir? Sərtləşmə olmayacaqsa, “Omikron”la bacarmaq asan olmaya bilər. “Omikron”un inkubasiya müddəti daha qısadır. Uhan variantında bu müddət 5 gün olduğu halda, “Delta” variantında 4 gün, “Omikron”da isə 3 gün kimi görünür.
ÜST-in Avropa regional bürosunun direktoru Hans Kluqe isə bildirib ki, Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVİD-19-un “Omikron” ştamı qeydə alınıb: ““Omikron” ştamı artıq Qərbi Avropada ən çox yayılan virusa çevrilir və indi Balkanlarda yayılmaqdadır. ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştam belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu “Omikron”a yoluxacaq.
ÜST rəsmisi əlavə edib ki, bu ştam çox sürətlə yayılsa da, yoluxanların çoxunda asimptomatik hallar qeydə alınır, ölüm halları yüksək deyil: “Omicron insan hüceyrələrinə daha asan yapışan mutasiyadır. Ona görə də hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də ”Omikron”a yoluxa bilər. Ancaq bir daha qeyd edim ki, hazırda təsdiqlənmiş peyvəndlər “Omikron” da daxil olmaqla, ağır xəstəliklər və ölümlərə qarşı yaxşı qorunma təmin edir”.
Bununla belə, London Kral Kollecinin əməkdaşı, koronavirusun əlamətlərinə dair “ZOE COVİD Study” mobil tətbiqinin müəlliflərindən biri Kleir Stivs bildirib ki, koronavirusun “Omikron” variantının əlamətləri xəstələrin 75 faizində adi soyuqdəymə ilə eynidir. Ekspertin fikrincə, boğaz ağrısı, baş ağrısı, zökəm də əlamətlərin siyahısına əlavə edilməlidir. Son günlər bizim ölkəmizdə də qrip viruslarının yayılması insanlar arasında çaşqınlıq yaradıb. Hərarət günlərlə aşağı düşmür, kəskin öskürək, boğaz ağrısı əlamətləri müşahidə edilir. Bəs görəsən, bu, “Omikron”dur, yoxsa qrip? Çünki bu əlamətləri özündə hiss edən insanlar COVİD testi versələr də, nəticə “neqativ” çıxıb. Bilirik ki, bəzi hallarda testin nəticələri neqativ də göstərə bilir…

Azərbaycan Tibb Universitetnin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb: “Hələ ki xəstəxanaya ağır xəstələrlə bağlı müraciət yoxdur. Fikrimcə, yeni ştamın ağırlaşmalarından qorunmaq üçün ən effektli üsul vaksinasiyadır. Sərt karantin rejiminin, qapanmaların işə yarayacağına, açığı, inanmıram. Ağırlaşmalardan yalnız vaksinasiya qoruya, qarşısını ala bilər”.
Həkim yeni ştamın PCR testi ilə aşkara çıxmaması ilə bağlı iddiaya belə cavab verib: ““Omikron” da koronavirusun bir variantıdır. PCR testi ilə aşkarlanır, müəyyənləşdirilir. Sadəcə olaraq, hazırda başqa viruslar da yayılıb. Müxtəlif qrip virusları yayılıb ki, onlar da bənzər simptomlar verdiyi üçün insanlar bunları qarışdırır. Qış aylarıdır, bu mövsümdə başqa virusların olması normaldır. Bizə müraciət edən COVİD xəstələrində əvvəlki əlamətlər müşahidə edilir. Təqribən eyni əlamətlərdir. Bu dövrdə də başqa virusları “Omikron”dan ayırd etmək çox çətindir. Bunu yalnız PCR testi ilə bilmək olur. Və ya xəstəlik çox irəli getsə, müəyyən günlər keçdikdən sonra kompüter tomoqrafiya (KT) etmək, yaxud başqa qan analizləri ilə diaqnoz qoymaq olur ki, bu “Omikron” variantıdır, yoxsa yox. Azərbaycanda yeni ştamla bağlı yoluxmalar azdır, əgər say çox olarsa biləcəyik. Digər ölkələrdə olduğu kimi, irəliləyən günlərdə bunu biləcəyik”.
Qasımov qeyd edib ki, yoluxmanın yüksək səviyyəyə qalxması da vətəndaşlardan asılıdır: “Vaksinasiyada iştirak etmək, 3-cü dozanı qəbul etmək, qapalı məkanlarda mümkün qədər olmamaq, şəxsi gigiyena qaydalarına riayət etmək, maska taxmaq, əl yumaq – bütün bunlara riayət edilsə, simptomlar olduqda özümüzə riayət etsək, yaxınlarımızdan özümüzü qorusaq, onda yoluxma sayı yüksək olmayacaq. Düzdür, say artacaq, amma çox yüksək saylara çıxmarıq”.
Reanimatoloq əlavə edib ki, əslində “Omikron” ştamında bir zəifləmə var: “İngiltərə, Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikasından məlumatlar gəlir. Oradan görürük ki, xəstəxanada yatış sayı iki dəfə aşağı düşüb. Bir məsələ var ki, o ölkələrdə peyvəndlənən insanların sayı çoxdur. Üçüncü doza, buster doza olanların sayı çoxdur. Burada bir sual yaranır. ”Omikron”un zəif simptomlar verməsinin, xəstəxanaya yerləşdirilənlərin sayının az olmasının səbəbi virus variantının özü ilə bağlıdır, yoxsa peyvəndlə bağlıdır? Fikrimcə, bu, vaksinasiya ilə bağlıdır. Çünki peyvəndlənən insanlarda xəstəlik yüngül keçir. Ona görə də hansı tərəfdən baxsaq, önəmli olan peyvəndləmədir”.
Həkim “Hansı vaksin ”Omikron” qarşı effektlidir” sualına belə cavab verib: “Ölkəmizdə istifadə olunan peyvəndlərin hamısı ”Omikron”a qarşı təsrlidir. Heç peyvənd olunmamaqdansa, vaksin olunmaq daha yaxşıdır. O ki qaldı uşaqların vaksinasiyasına, burada yan təsirlərdən söhbət getmir. Qonşu Türkiyədə 12 yaşından yuxarı uşaqlar peyvənd olunublar. Dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-da artıq 5 yaşından yuxarı uşaqlar vaksin olunurlar. Orada uşaqlara “Pfizer” vaksini vurulub”.

