Sosial 

“Sağlam gələcək naminə narkotiklərə yox deyək!”

Yardımlı şəhər 1 saylı tam orta məktəbdə keçirilən tədbirin təşkilatçısı Rayon Polis Şöbəsi idi.

“Sağlam gələcək naminə narkotiklərə yox deyək!” mövzusunda olan maarifləndirici  tədbirdə rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” nın əhəmiyyətindən danışaraq dedi ki, narkomaniyanın cəmiyyətə vurduğu zərərlər olduqca ağır nəticələr verir .

Bəli, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc bunu ağıllı şəkildə  dərk etməklə, bu zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana verməlidir.  Bir də  indiki dövrdə  belə görüşlərin təşkili olduqca  vacibdir. Məqsəd   yeniyetmə və gənclərə narkomaniyanın, eləcə digər insan həyatına yaraşmayan vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumat vermək və onları belə neqativ əməllərdən çəkindirməkdir.

Sonra çıxış edən Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları maarifləndirici tədbirin  təşkilini  yüksək  razılıqla qarşıladılar,  şagirdləri isə   belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə ciddi əməl etməyə çağırdılar.

Tədbir  narkotik vasitələrin cəmiyyətə və insan orqanizminə vurduğu zərərli təsirləri əks etdirən video-çarxın nümayişi ilə tamamlandı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

Daha çox xəbərlər