Sosial 

…Yenə sənətdir əldə sərmayə – FOTOLAR

Azərbaycanda peşə təhsili yeni inkişaf dövrünü yaşayır

Sosial-ictimai mövqeyindən, maddi durumundan asılı olmayaraq ölkəmizdə əksər valideynlərin övladlarını ali təhsilli görmək istəyi, ümumilikdə təhsilə verilən dəyər nə qədər təqdirəlayiq olsa da mütəxəssislərin fikrincə, hər kəsi öz bilik və bacarığına uyğun istiqamətləndirmək daha məqsədəuyğundur. Yəni “hamı mütləq ali təhsil almalıdır” deyə bir qanun yoxdur və hansısa peşəyə yiyələnməklə də ciddi uğurlar əldə etmək mümkündür. Razılaşaq ki, həyatın müxtəlif sahələrində ən çox üzləşdiyimiz problemlər məhz yaxşı mütəxəssis və ya usta tapa bilməməyimizlə bağlı olur. Hansısa təmir-tikinti işi görmək istədikdə, avtomobilimizdə texniki nasazlıq yarandıqda, hansısa məişət avadanlığımız xarab olduqda və s. mütləq ilk olaraq yaxşı mütəxəssis axtarırıq və bəzən işini yaxşı bilən ustanın “qəbuluna düşmək üçün” gözləmək də lazım gəlir.

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin stabil templə imkişafı, müxtəlif sahələrdə innovativ yeniliklərin tətbiqi peşə təhsilinə marağı da stimullaşdırmaqdadır. Bəs ümumilikdə ölkəmizdə peşə təhsilinin vəziyyəti necədir? Bu sahədə hansı yeniliklər baş verir və gənclər daha çox hansı peşəyə yiyələnmək istəyirlər?

Öncə qeyd edək ki, peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Səriştəli işçi qüvvəsinə olan tələbatı ödəmək üçün bir çox dünya ölkələri peşə təhsilinin inkişafı və işsizliyin azaldılması istiqamətində müvafiq hüquqi və iqtisadi islahatlar həyata keçirirlər. Həyata keçirilən belə islahatlar sabahın işçi qüvvəsinin, kiçik və orta sahibkarlığın üstünlük təşkil etdiyi dəyişən və rəqabətli əmək bazarının tələblərinə uyğun səviyyədə hazırlanması məqsədi daşıyır.

Azərbaycanda da peşə təhsili və təlimi sistemi milli təhsil sisteminin tərkib hissəsi kimi zəngin tarixə malikdir və bu sahənin inkişaf etdirilməsi xüsusilə son zamanlar dövlətimizin diqqət mərkəzində olmuşdur. Belə ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq peşə təhsilinə diqqət artırılmış, onun təkmilləşdirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası müasir tələblər səviyyəsində təkmilləşdirilmişdir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və yenə həmin il dövlət başçımız tərəfindən  “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi bu sahənin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin əsas tərkib hissələridir.

8 №-li Bakı Peşə Liseyinin tərbiyə işləri üzrə direktor müavini, direktor vəzifələrini icra edən Elgün Kazımov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, mühüm əhəmiyyət daşıyan Strateji Yol Xəritəsinin qəbul edilməsindən başlayaraq daha çox peşəyönümlü işlərin aparılması müşahidə olunmuş, peşə təhsilinin inkişafında ciddi dəyişikliklər baş vermişdir. Bu fəaliyyətin həyata keçirilməsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin xüsusi xidmətlərini qeyd edən direktor müavininin sözlərinə görə, müəyyən ixtisaslar üzrə planlı şəkildə peşə mərkəzlərinin yaranması gənclərin bu sahəyə maraqlarını daha da stimullaşdırır: “Təhsil müəssisələrində tikinti-quraşdırma işləri, avtomobil sənayesi və s. sahələr üzrə birləşmə, mərkəzləşmə getməkdədir.  Bütün bunlar peşə təhsilinə marağı daha da artırır. Üstəlik, artıq yüksək peşə təhsili alan tələbələr birbaşa öz ixtisasları üzrə ali məktəblərə imtahansız qəbul oluna bilirlər. Müasir innovasiyaların tətbiqi tələbələrin bilik və bacarıqlarının daha da artırılmasına gətirib çıxarır.”

E.Kazımov bildirdi ki, rəhbərlik etdiyi məktəbdə gənclər daha çox əl elektrik qaynaqçısı, kompüter operatoru və dizayner, həmçinin son zamanlar quru inşaat ustası, çilingər-santexnik peşələrinə daha çox maraq göstərirlər: “Biz də bütün bunları, həmçinin Strateji Yol Xəritəsini və “Peşə təhsili haqqında” Qanunu nəzərə alaraq, işəgötürən müəssisələrlə müqavilələr bağlayırıq ki, tələbələrimiz təcrübələrini həmin müəssisələrdə, yəni, profil üzrə birbaşa istehsalatda keçsinlər. Əksər işəgötürənlər buna müsbət yanaşırlar, qarşılıqlı müqavilələrin bağlanmasında maraqlıdırlar. Məsələn, “Metak”, “Mətanət-A”, “Norm”, “Knauf” və digər şirkətlər ilə artıq müqavilələrimiz var, onlarla bu sahədə əməkdaşlıq edirik.”

Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbinin mətbuat katibi Rəhim Qədirov da suallarımıza cavab olaraq bildirdi ki, son illər Azərbaycanda peşə təhsili sahəsində yüksək dinamika müşahidə olunur. Bu da onunla əlaqədardır ki, əvvəlki illərə nisbətən indi cəmiyyətdə peşə fəaliyyətinin önə keçdiyi barədə fikir formalaşıb. Yəni, əvvəlki illərə nisbətən daha çox valideyn övladının peşə biliklərinə sahib olması və bu peşədən başlayaraq gələcəyini uğurla qurması barədə düşünür: “Bundan əlavə, ölkəmizdə son illər müxtəlif peşə ixtisaslarının və bu ixtisaslara tələbə qəbulunun artımı da nəzərə çarpır. Məsələn, əgər 2012-ci ildə Bakı Turizm Peşə Məktəbinə cəmi 62 nəfər qəbul olmuşdusa, bu gün biz 500 tələbəlik qəbul planı təqdim edirik. Eləcə də ötən illərə nisbətən ixtisasların sayı da artırılıb. Azərbaycanda 2011-ci ildən başlanan turizm hərəkatı yeni hotellərin açılmasına, yeni turizm obyektlərinin tikintisinə, bir sözlə, sənayenin yüksək səviyyəli inkişafına yol açdı. Bu da kadr tələbatına gətirib çıxarıb. Beləcə, Bakı Turizm Peşə Məktəbinin məzunları, məktəbi yüksək təhsil ilə bitirdikdən sonra asanlıqla iş tapa bilirlər.”

R.Qədirov onu da qeyd etdi ki, Azərbaycan gənci bu gün azad seçim etməyə, gələcəkdə fəaliyyət göstərəcəyi sahəni özü seçməyə can atır. Peşə təhsili ixtisaslarının artımı da ona seçim imkanı yaradır: “Gənclərimiz bir çox sahə üzrə, o cümlədən aşpazlıq, bərbərlik, kompüter texnologiyaları, avtomobil sənayesi və s. kimi peşələrə daha çox üstünlük verirlər. Bu da bizə hər sahədə peşəkar kadrların xidmət edəcəyindən xəbər verir.”

Təhsil və təlimin müasir tələblər səviyyəsində qurulması, əldə edilən bilik və bacarıqların tətbiqi üçün lazımi imkanların yaradılması, ixtisas üzrə təhsilin yüksək mərhələsinə qəbulun asanlaşdırılması peşə məktəblərinin fəaliyyətində yeni mərhələnin başlamasına rəvac verib. Hansısa peşənin mükəmməl mənimsənilməsi peşəkar kadr çatışmazlığının aradan qaldırılması ilə bərabər, maddi təminatın təmin edilməsi baxımından da mühüm faktordur. Görkəmli şairimiz Seyid Əzim Şirvaninin təbirincə desək, “Puç olub getsə dövlətin zayə, yenə sənətdir əldə sərmayə”…

 

Daha çox xəbərlər