Siyasət 

Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı Türkiyənin Gəncədəki Baş Konsulluğunda tədbir keçirilib.

ARANTV.AZ  xəbər verir ki,  tədbirdə çıxış edən Baş konsul Zeki Öztürk qeyd edib ki, bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir: “Biz iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edirik”.

Baş konsul qeyd edib ki, 44 günlük Vətən müharibəsində olduğu kimi Türkiyə hər zaman Azərbaycanın yanındadır. Z.Öztürk tarix boyu iki ölkə arasında olan münasibətlərdən və əldə olunan nailiyyətlərdən söz açıb.

Baş konsul bildirib ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub.

Qeyd olunub ki, Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.

Daha çox xəbərlər