Siyasət 

Azərbaycan Ukrayna əlaqələri sürətlə inkişaf edir

Bu il Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili qeyd olunur. Bu münasibətlər  31 yanvar  1992-ci ildə qurulmuşdur. Keçən illər ərzində  Azərbaycan- Ukrayna əlaqələri  hərtərəfli inkişaf edərək  yüksək nəticələr əldə olunmuşdur. Bu vaxta  kimi Azərbaycanla Ukrayna arasında 150-dən çox dövlətlərarası və hökumətlərarası sazişlər və müqavilələr imzalanmışdır. Bu sənədlər praktiki olaraq ikitərəfli münasibətlərin bütün sferalarını – siyasi, iqtisadi, ticarət, humanitar və  digər sferaları əhatə edir. Hazırda iki ölkə arasında ticarət dövriyəsi bir milyard ABŞ dollarından artıqdır. Bunun 680 milyon dolları Azərbaycanın  Ukraynaya ixracının payına düşür. Azərbaycan tərəfindən Ukrayna iqtisadiyyatına  1,2 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur.

Səfər çərçivəsində Ukrayna ilə Azərbaycan arasında iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir. Azərbaycan  Respublikası Prezidenti və Ukrayna  Prezidenti Birgə Bəyannamə imzalamışlar. Bundan başqa müxtəlif sahələr üzrə əməkdaşlıq sahəsində 5 mühüm sənəd imzalanmışdır. Ukrayna Nazirlər Kabineti ilə  Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Saziş, Ukraynanın İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında”, Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının  İqtisadiyyat Nazirliyi arasında  “Aqrar sahədə əməkdaşlıq haqqında”,  “Neft-qaz Ukrainı” Milli Səhmdar Şirkəti” Səhmdar Cəmiyyəti ilə Azərbycan Dövlət Neft Şirkəti-SOCAR arasında “ Energetika sahəsində əməkdaşlıq haqqında”  və  Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumları imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın  14-də Ukraynaya işgüzar səfəri və bu səfər çərçivəsində əldə olmuş razılaşmalar, imzalanmış sənədlər iki ölkə arasında  uzun illər mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə  dərinləşərək  daha da inkişaf etməsinə şərait yaradacaq.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Daha çox xəbərlər