Cəmiyyət 

Vətən yolunda şəhid olmuş Vətən sevdalısı FOTO

Lənkəran rayonunun İstisu qəsəbəsində  dünyaya göz açmış  Zaur Kamil oğlu  Ağalı  çox qısa bir ömür yaşadı. Bu işıqlı dünyaya  gəlməyi- getməyi cəmi 24 il çəkidi.  Fəqət, Vətən, yurd sevgisi Zaura elə bir mənəvi ucalıq gətirdi ki,  şərəfli  ömür yolu    Azərbaycan  durduqca    öz milləti üçün əbədi olacaqdır.   Bu Vətən sevdalısı  İkinci Qarabağ savaşında torpaq uğrunda canından keçməklə tarixin səhifəsinə  öz adını ləyaqətlə  yazdı. Belə  də olmalı idi.  Çünki  anadan qəlbi işıqlı doğulmuş Zaur həyatının mənasını   Vətəninin müqəddəsliyinə tapınmaqla  yaşamaqda  görürdü.

Zaur Ağalı 2014-cü ildə orta məktəbi bitirib Vətənə gərək olmaq, adamlara fayda vermək amalı  ilə  müstəqil  həyata qədəm qoyur. Qəlbi sevdalı  gənci  yaşına uyuşmayan daxili böyüklüyü, mənəvi saflığı, qurub-yaratmaq həvəsi el obaya dərindən sevdirir. 2015-ci ildə Vətəni üçün yaşamağı bacaran layiqli bir övlad kimi  ordu sıralarına gedir.  Doğma Azərbaycanın qarşısında  əsgəri borcunu vicdanla, ləyaqətlə  yerinə yetirir, hər an  Qarabağı işğal altında saxlayan  murdar niyyətli  erməni faşistlərinə qarşı amansız olmağa and içir.  Ən əsası nümunəvi xidmət  Zaurun Vətəninə, torpağına necə bağlı olduğunu tam sübut edir.  Bununla həm də ailəsinə, Lənkəran elinə baş ucalığı gətirir.

Əsgərliyi başa vuran Zaur  zəhmətdən yapışır. Hər işi, əməli ailəsinə, ətrafına, yurduna, millətinə sonsuz sevgidən yaranır. Qurub-yaratmaqla  xoş güzəran keçirir, gözəl əxlaqı, insanpərvərliyi  dillərdən düşmür. Bütün bunlarla   bərabər erməni dığalarının xəyanətkar hərəkətləri  Zauru həmişə  düşündürür, elə  işğal altında qalan Vətən torpaqlarının azadlığı naminə 2018-ci ildə   Azərbaycan   Silahlı  Qüvvələrinin tərkibinə  yazılır. Və ön xətdə  yerləşən  hərbi hissədə  düşməndən qisas almağa  hazırlaşır…

Vətən müharibəsi  başlananda  Zaur Ağalı  qeyrətli oğlanlar sırasında düşmənlə ölüm-dirim savaşına birinci atılır. Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda müharibə meydanlarında  böyük şücaət göstərir.  Döyüş yoldaşları ilə birlikdə yağıya vurduğu sarsıdıcı zərbələr hesabına hər üç rayonda Azərbaycanın üç rəngli qələbə  bayrağı dalğalanır.  Beləcə də, neçə-neçə   döyüşdən zəfərlə çıxan igid əsgər oktyabrın 22-də şəhidlik zirvəsinə ucalır…

Bəli, Zaurun  şəhidliyi Vətənə sevgidən, torpağa,  yurduna  olan sonsuz məhəbbətdən yarandı. Buna görə də onun adı qəhrəmanlıq simvoluna dönərək Lənkəranlıların dilindən düşmür.

Qeyd edək ki, dövlət başçısının sərəncamları ilə igid əsgər ölümündən sonra “Vətən uğrunda”,  Cəbrayılın və Qubadlının azad olunmasına görə medallarla təltif olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər