Gündəm 

Pambıqçılıq: İxrac artıb, bəs istehsalda vəziyyət necədir?

Ötən ilin 11 ayının göstəricilərinə görə, pambıq mahlıcı ixracının dəyərinə görə  qeyri-neft məhsulları arasında birinci olub. Belə ki, yanvar-noyabr aylarında 190 milyon 352,8 min ABŞ dolları dəyərində 117 min 239, 31 ton pambıq mahlıcı ixrac edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 70 faiz, kəmiyyət ifadəsində isə  38,4 faiz çoxdur. 2021-ci ilin 11 ayında, həmçinin dəyəri  51 milyon 461,17 min dollar olan 16 min 851,12 ton pambıq ipliyi ixrac edilib. Bununla da pambıq ipliyinin ixracının dəyəri 3,4 dəfə, fiziki çəkisi isə 2,3 dəfə artıb. Nəticədə qlobal bazarlarda pambığın bahalaşması ixracın həm dəyər, həm də kəmiyyət müstəvisində artmasını şərtləndirib.

Maraqlıdır, ixracda yüksək nəticələrin əldə olunduğu dövrdə bəsistehsalda vəziyyət necə olub?

Ötən təsərrüfat ilində Azərbaycanda 17 rayonda 100,5 min hektar ərazidə pambıq əkilib, 286,7 min ton məhsul tədarük edilərək emal müəssisələrinə verilib. “Report”un məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov hər hektar üçün orta məhsuldarlıq 28,5 sentner təşkil etməsini yüksək göstərici olaraq qiymətləndirib.

Pambıqçılıq son 6 ildə qeyri-neft sektorunun prioritet inkişaf istiqamətlərindən biridir. Nəticədə 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona yüksəlmişdi. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha,  132,5 min ha, 100,1 min ha təşkil edib. Bununla orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci ildən artmağa başlayaraq 2020-ci ildə ən yüksək səviyyəyə –  33,6 sentnerə çatmışdı.

İ. Cümşüdov deyib ki, pambıqçılıqda qulluq işləri aqrotexniki qaydalara əsasən həyata keçirilsə də, qlobal iqlim dəyişikliyi fonunda dünyada müəyyən çətinliklər yaranıb: “Kənd təsərrüfatı da iqlimdən asılı sahədir. Bizim ölkədə də bu il qlobal iqlim dəyişikliyi öz təzahürünü göstərib”.

Qeyd edək ki, ötən il pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb.

Lakin cari ildən  Aqrar Subsidiya Şurasının qərarı ilə fermerlərə pambıq əkini üçün subsidiya verilməyəcək. Əkin subsidiyası Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab  rayonlarına şamil edilməklə 2021-ci il üçün bir hektar pambığa görə 220 manat idi. Əvəzində ötən ildən pambığın hər tonu üçün məhsul subsidiyası  bu rayonlara şamil edilməklə 100 manatdan 170 manata yüksəldilib.  Başqa sözlə, fermer nə qədər sahədə pambıq əkməsindən asılı olmayaraq istehsal etdiyi məhsula görə subsidiya alacaq. Əvvəlki qədər subsidiya almaq istəyən fermer hər hektardan ən azı 31,5 sentner məhsul əldə etməlidir.

Daha çox xəbərlər