İnformasiya təhlükəsizliyi və sosial şəbəkələr
Xəbər qaynağımız olan sosial platformalar qarşılarına qoyulan tələb və şərtlərə əməl edirlərmi?
İnsanların yaşam tərzində xüsusi rolu və yeri olan, gündəlik həyatımızın güzgüsünə çevrilən sosial şəbəkələr yaşından asılı olmayaraq hər kəs üçün maraq dünyasıdır. Elm və texnikanın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə baş verən hadisələrin gərginləşdiyi müasir dünyamızda həyatımızı informasiyasız təsəvvür etmək mümkün deyil. Gündəlik məlumatlara aludəçiliyin pik həddinə çatdığı məqamlarda bəzi insanlarda yaranan «informasiya xəstəliyinin» xroniki hal alması müşahidə olunan hallardır. Vaxtılə qəzet köşklərinin qarşısında yaranan sıxlığı əvəz edən sosial platformalar, internet resursları informasiya mənəbələrini, coğrafiyasını genişləndirən sosial şəbəkələr kimi, yeni texnologiyalardan istifadə edən sosial medianın imkanları da genişlənir. Ancaq sosial şəbəkə istehsalçıları və istifadəçiləri bir məsələni unutmamalı, «İnformasiya təhlükəsizliyinin qorunmasına əməl olunurmu» sualının məsuliyyətini yaddan çıxarmamalıdırlar. «Facebook», «Twitter», «Instagram» və «YouTube» və digər sosial şəbəkələr arasında davam edən rəqabət bu suala düzgün yanaşma ilə müəyyənləşdirilməli və sağlam prinsiplər əsasında qurulmalıdır.
Texnologiyalar əsri adlandırılan müasiri olduğumuz yüzillikdə yazılı mediaya nisbətən sosal mediaya marağın artması istifadəçilərin imkanlarını genişləndirməklə informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir. Qitələri, ölkələri yaxın edən, elmi- texniki yeniliklərin öyrənilməsində, dünya hadisələri ilə bağlı informasiyaların yayılıb, təhlil olunmasında əvəzedilməz yeri və rolu olan sosial şəbəkələrin əsas vəzifəsi milli və informasiya təhlükəsizliyinin qorunmasıdır.
Demokratik islahatların aparıldığı ölkəmizdə senzuranın ləğvi, söz, mətbuat azadlığının təminatı üçün lazımi şəraitin yaradılması, müstəqil mətbuatın inkişafına dövlət dəstəyinin artırılması sosial şəbəkələrin məkan və əhatə dairəsini genişləndirir. İnternet resurslarından istifadənin qlobal xarakter aldığı müasir dünyamızda strateji vəzifə olan milli informasiya məkanının qorunması, operativliyin təminatına diqqəti artırmaqla, dəqiqlik tələb edir. «Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar» söyləyən Prezident İlham Əliyev milli mətbuata diqqət yetirməklə jurnalist peşəkarlığına, informasiyaların operativliyinə və dəqiqliyinə əməl olunmasını əsas vəzifə kimi qarşıya qoyur. Sosial şəbəkələrdə qərəzli, başqalarının şəxsiyyətinə, mənəviyyatına toxunulan məlumatlara «yaşıl işıq» yandırılması, şəxsi motivlər naminə obyektivliyin, şəffaflığın qorunmaması onlayn platformalara marağı və şəbəkə istifadəçilərinin sayını azaldır.
Bu baxımdan «sosial şəbəkə» adlandırılan internet resurslarının ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz etdiyi və mühüm təsirlərə malik olduğu üçün internet resurslarından istifadə zamanı diqqətli olmaq lazımdır. Unutmaq olmaz ki, sosial şəbəkələr ictimai rəyi formalaşdırmaqla siyasi, iqtisadi, mənəvi- əxlaqi, mədəni-etik normalar da daxil olmaqla milli dəyərlərimizin qorunmasına, ictimai rəyin tənzimlənməsinə təsir göstərir. Bu baxımdan internet müstəqilliyi digər azadlıqları məhdudlaşdırmamalı, onlayn platformada balansın qorunması üçün hüquqi tənzimlənmələrə, normativ aktlara əməl olunmalıdır.
Ötən ay Milli Məclisdə «Media haqqında» qanun layihəsinin geniş müzakirəsi zamanı Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması naminə vacib əhəmiyyətli məsələlərlə bağlı rəy və təkliflər nəzərə alındı. Sosial şəbəkələrdə mövcud olan və bəzi hallarda ictimaiyyət tərəfindən narazılıqla qarşılanan mövcud vəziyyətdəki neqativ halların aradan qaldırılması ictimai tələb kimi qarşıya qoyuldu.
Artıq Milli Məclisin qəbul etdiyi «Media haqqında» Qanunda audiovizual media subyektləri ilə bağlı müəyyənləşdirilən vəzifələr tam aydınlığı ilə təsbit edildi.
Çox təəssüf ki, bəzən ilk mənbədən alınmamış, obyektivliyi əks etdirməyən məlumatların sosial şəbəkələrdə yer alması ictimai rəydə çaşqınlıq yaradır, cəmiyyət tərəfindən birmənalı qəbul olunmur. Xüsusilə, İkinci Qarabağ müharibəsinin davam etdiyi və postmüharibə dövründə qərəzli qüvvələrə xidmət edən, daha doğrusu «beşinci kolon»un ideya tribunasi olan sosial şəbəkələr Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurlarına, Silahlı Qüvvələrimizin Zəfərinə ləkə gətirməklə ermənilərə xidmət etdiklərini təsdiq etmiş oldular. Vətən müharibəsinin davam etdiyi günlərdə dünyanın 30-dan artıq tanınmış KİV-lərinə müsahibələrində Ermənistanın təcavüzkar siyasətini beynəlxalq ictimaiyyətə arqummentlərlə çatdıran, ermənilərin 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri siyasi, hərbi cinayətləri, terrorları, dinc əhaliyə qarşı vandalizmi ifşa edən Prezident İlham Əliyevin məntiqli, həqiqəti, xalqın istək və arzularını əks etdirən açıqlamaları daha maraqla qarşılandı. Azərbaycan xalqı böyük inam bəslədiyi, ətrafında sıx birləşdiyi Prezident İlham Əliyevin müraciətlərində səsləndirdiyi fikirləri gələcəyimizin qarantı kimi qəbul etdi.
Sosial şəbəkələrdən səmərəli, məqsədyönlü, müasir dövrümüzün çağırışlarına və dövlətimizin hədəflərinə uyğun istifadə insanlara, cəmiyyətə yalnız xeyir verir. Bəzən milli-mənəvi dəyərlərimizlə uyğunlaşmayan, daha çox şəxsi maraqları, cinayətləri, ailə-məişət, qadın və uşaq zorakılığını, etik normalardan kənar informasiyaları yaymaqla istifadəçi «ovuna» çıxan sosial şəbəkələrin başqalarının şəxsi həyatı ilə bağlı açıqlamaları insanları üz-üzə qoyur. Son nəticədə narazılıq yaradan məsələlər məhkəmə salonlarında həll edilir. Bəzi sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz, şəhidlərimiz haqqında yayılan və ictimaiyyət tərəfindən qəbul olunmayan saxta, yalan informasiyalar vətəndaşlıq məsuliyyətindən kənar olmaqla müəllifə də hörmət qazandırmır. Azərbaycan Silahlı Qüvvələrinin, əsgərlərimizin rəşadətinin heyrətlə qarşılandığı, 44 gün davam edən hərbi əməliyyatların dünyanın ən qabaqcıl hərbi məktəblərində XXI əsrin döyüş təcrübəsi kimi öyrənildiyi bir vaxtda şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımız haqqında qərəzli yanaşma sosial şəbəkələrə hörmət gətirmir. Bütün yaş kateqoriyalarından olan insanların, uşaqların, yeniyetmələrin də istifadə etdikləri sosial şəbəkələrdə həyata baxışları formalaşmamış azyaşlılarla bağlı incə məsələlərin geniş miqyasda yayılması müsbət mənada qarşılanmır və mənəvi dəyərlərimizə xas deyil.
Buna görə də istifadəçilərinin sayı yüz minlərlə ölçülən sosial platformanın sahiblərini və əməkdaşlarını ilk növbədə dövlətçilik maraqlarımızın qorunması, milli-mənəvi dəyərlərə hörmət və onlara sadiqlik, əxlaqi-etik normaların gözlənilməsi daha çox düşündürməlidir.

