Cəmiyyət 

Azad edilmiş ərazilərə avtobus bileti alarkən COVID pasportu tələb olunacaq? – AÇIQLAMA

24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.

Bəs işğaldan azad edilmiş ərazilərə avtobus marşrutlarına bilet alarkən COVID-19 pasportu tələb olunacaq?

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu səfərlər zamanı COVID-19 pasportu mütləq tələb olunacaq:

“Azərbaycanın digər bölgələrinə rayon və şəhərlərarası marşrut xətlərində olduğu kimi, bu səfərlər zamanı da sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar. Vətəndaşlar portala daxil olduqdan sonra “ASAN login” vasitəsilə bilet ala biləcəklər.

Daha çox xəbərlər