Siyasət 

Prezident yanında İctimai Palata təklifi: cəsarətli adamlar, yoxsa…

QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” tədbirində təklif ediblər ki, Prezident yanında İctimai Palata yaradılsın. Bildirilib ki, dünyada bununla bağlı təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Palatanın tərkibinə gəlincə, təklif edilib ki, media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutları burada təmsil oluna bilərlər. Prezident yanında İctimai Palatanın yaradılması ideyası 2016-cı ildən müxtəlif ictimai müzakirələrdə səslənib, amma bunun yaradılması üçün konkret təkliflər və addımlar atılmayıb.

Ekspertlərin fikrincə, Prezident yanında İctimai Palata bu proseslərə ciddi təkan verə bilər, ictimai dinləmələr vasitəsilə, vacib sahələr üzrə faydalı təkliflər və ideyalar verməklə bütövlükdə cəmiyyətin inkişafını xeyli sürətləndirə bilər.

Qeyd edək ki, dövlət strukturları yanında guya “nəzarət şuraları” yaradılıb, amma faktiki formal qurumlardır. İndi də təklif edilir ki, Prezident yanında İctimai Palata yaradılsın, QHT və digər ictimai institut təmsilçiləri ora toplaşsın. Yaxşı təklifdir bəlkə də, amma bu, korrupsiyaya qarşı mübarizə, bilgiləndirmə şurası olacaqsa, orada elə adamlar təmsil olunmalıdırlar ki, onların reputasiyası təmiz, sözü keçərli və kəsərli olsun. Korrupsiyadan danışmağa qorxmasınlar, əksinə, toplantıda konkret faktlar səsləndirməyə cəsarətləri olsun. Prezidentin iştirak etdiyi tədbirdə korrupsiya faktları və sahələri haqda danışmaq cəsarəti olmayacaqsa, bu da formal bir quruma çevriləcək.

Prezident yanında İctimai Palatanın mahiyyətində nələr nəzərdə tutulur, orada kimlər təmsil olunmalıdır?

Əliməmməd Nuriyev: "Bu əməli qəti şəkildə pisləyir və qınayıram"

Əliməmməd Nuriyev: “Söhbət Prezident yanında yüksək məsləhət və məşvərət qurumunun yaradılmasından gedir”

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, sözügedən təklifi Agentliyin təşkil etdiyi tədbirdə o səsləndirib. Təklifin mahiyyətinə gəlincə, Ə.Nuriyev qeyd etdi ki, Prezident İlham Əliyev bu yaxınlarda yerli telekanallara müsahibəsində çox mühüm məsələlərə toxundu, o cümlədən korrupsiyaya qarşı mübarizə ilə bağlı antikorrupsiya gündəliyi təqdim olundu. Antikorrupsiya gündəliyi çərçivəsində mühüm tədbirlərdən biri də ictimai nəzarətin institusionallaşması ilə bağlı fikirlər idi: “Əlbəttə ki, Azərbaycanda ictimai nəzarət institutları var, ictimai iştirak həm Azərbaycan Konstitusiyası, həm “İctimai İştirakçılıq haqqında” Qanunda nəzərdə tutulub. Bir çox hallarda Azərbaycanda ictimai nəzarət institutları fəaliyyət göstərir, amma sistem olaraq tam deyil. O baxımdan da Cənab Prezidentin ictimai nəzarətin institusionallaşması ilə bağlı fikirləri həm də ictimai nəzarət üçün yeni imkanlar yaradır. Yəni bütövlükdə ictimai nəzarət zəncirinin tamamlanmasına gətirib çıxarda bilər.

İctimai nəzarətin institusionallaşmasının yaxşı nümunələrindən biri Prezident yanında İctimai Palata və ya başqa adda yüksək məsləhət, məşvərət məclisinin yaradılması ola bilər. Söhbət ondan gedir ki, ölkədə ictimai nəzarət institutları pərakəndədir, bir çox hallarda fraqmental xarakter daşıyır. Bunun hər şeydən əvvəl sistemləşdirilməsinə, vahid sistem halına gətirilməsinə ehtiyac var. Prezident yanında yüksək məsləhət və məşvərət məclisi, yaxud İctimai Palata yaransa bütövlükdə ictimai nəzarət institutlarının sistemləşdirilməsinin son həlqəsi başa çatardı, bütövlükdə ictimai nəzarət sistemində olan bütün məlumatların vahid mənbədə sistemləşməsi, toplanması baş verər.

Sözügedən İctimai Palata hansı formada formalaşdırılmalıdır? Əslində Cənab Prezident mesaj verdi. Bu, vətəndaş cəmiyyətinin nümayəndələri və mediadan ibarət tərkibdə mümkün ola bilər. Mən bir az da genişləndirilmiş formatı da mümkün sayıram. Ölkənin ayrı-ayrı nüfuz liderlərini də buraya əlavə etmək mümkündür. İctimai Palatanın üzvlərinin təyinatı  Prezident tərəfindən həyata keçirilməlidir”.

Ə.Nuriyev dedi ki, yəni İctimai Palata və ya başqa ad altında qurumun yaradılmasında  Prezidentin fəaliyyətinə nəzarətdən söhbət getmir. Söhbət Prezident yanında yüksək məsləhət və məşvərət qurumunun-İctimai Palatanın yaradılmasından gedir. Əsas məqsəd mövcud olan problemlərin aşkar edilməsi və onları Prezidentə yüksək səviyyədə təqdim olunmasıdır. Eyni zamanda insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə müdafiəsinə də bu qurum töhfə verər: “16  mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar var  və onlar seçkilərlə müəyyənləşib. Amma bütövlükdə ölkə üzrə vahid yanaşmaya ehtiyac var. Təklifimiz də bunu nəzərdə tutur. Prezidentə birbaşa, daha sürətli şəkildə məlumatların ötürülməsi mexanizmi qurulmalıdır. Ölkədə ictimai nəzarətin vəziyyəti ilə bağlı illik yekun məruzələr olmalıdır. Yekun forumların keçirilməsi yaxşı olardı. Digər tərəfdən, məsələ ondan ibarətdir ki, müasir idarəetmədə şəffaflığın təmin edilməsi, hesabatlılıq, eyni zamanda kənar auditin təmin olunması vacib məsələlərdən biridir. Dövlət nəzarəti vardır. Amma ictimai nəzarət orqanlarının olması əlavə olaraq məmurları korrupsiya cinayətlərindən, digər qanunsuz hərəkətlərdən daha da çəkindirərdi, cavabdehliyini, məsuliyyətini daha da artırardı. Biganəlikdən qurtulmağın alətlərindən biri ictimai nəzarətin institusionallaşmasıdır, strukturlaşmasıdır. Burada söhbət tabeçilik münasibətlərindən getmir, söhbət ictimai nəzarət məsələlərinin bütövlükdə tam sistem halına gəlməsindən gedir”.

Aqil Abbas spikeri “Rövnəq Abdullayevin müdiri” adlandırdı » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Aqil Abbas: “Başa düşmürəm, onlar Prezidentin və Prezident Administrasiyasının işinə nəzarət edəcəklər?!”

Deputat Aqil Abbas isə bildirdi ki, əksər mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar var. Prezidentin yanında hansısa adda ictimai nəzarət funksiyası daşıyan quruma ehtiyac yoxdur: “Başa düşmürəm, onlar Prezidentin işinə və Prezident Administrasiyasının işinə nəzarət edəcəklər? Bu nə deməkdir?! Prezident Administrasiyası fəaliyyət göstərir, ölkə Prezidentinin köməkçiləri, müşavirləri, səlahiyyətli nümayəndələri var. Prezidentin nəzarət imkanları, məlumat almaq imkanları genişdir. Ona görə də indi bir qrup insanın, QHT-nin Prezident yanında İctimai Palatada cəmləşməsi hesab edirəm əhəmiyyətsiz olar”.

Daha çox xəbərlər