Sosial 

20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün

1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il keçir. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.  Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı qırğın törədildi. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Liderimiz keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin qınayaraq, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləmişdir.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi hər zaman yüksək tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Şəhidlik xalqın mənəvi ucalığıdır, milləti millət edən amillərdəndir. Şəhidlərin məzarları, Şəhidlər xiyabanı xalqımızın müstəqillik abidəsidir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Şəhidlər öz qəhrəmanlıqları ilə xalqımızın mənəviyyatını yüksəklərə qaldırıblar. Onlar bizim müstəqilliyimizə yol açıblar. Onlar bizim müstəqilliyimizin təməlini qoyan insanlardır. Onların şəhidliyi Azərbaycan xalqını daha da mətinləşdirib, Azərbaycan xalqının daim müstəqil yolla getməyinə kömək edir və edəcəkdir”.

Bu gün 20 Yanvar faciəsi müstəqil dövlətçiliyimizin rəmzi abidəsinə çevrilib. Azərbaycan xalqı xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli lideri vardır. Xalq-ordu-rəhbər birliyi xalqımızın bir daha faciələrlə, soyqrımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. Azərbaycan xalqı tariximzdə silinməz izlər qoyan “Qara Yanvar”ı və onun qurbanlarını unutmur və şübhəsiz ki, heç vaxt da unudulmayacaq. Xalqımız daim faciə qurbanlarını dərin ehtiramla yad edəcək. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin, sarsılmaz birliyimizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.

Fazil Məhəmmədov,

Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

Daha çox xəbərlər