Güllələr yağış kimi yağırdı – Qara Yanvar şahidi
“1990-cı ilin 20 yanvarında mənim 10 yaşım var idi. Dayım İlham Allahverdiyev ayın 19-u axşam evdən çıxdı. Biz dayımgilə qonşu idik. Bundan bir qədər sonra atışma başladı. Güllələr yağış kimi yağırdı”.
Bunu Publika.az-a açıqlamasında 20 Yanvar şəhidi İlham Allahverdiyevin bacısı oğlu Emil Əliyev deyib.
O bildirib ki, həmin gecə baş verənləri 32 ildir unutmur: “Dayım təzə evlənmişdi. Gecə evə gəlmədi, hamı narahat olmağa başlayırdı. Güllələrin səsini eşidən balaca qardaşım ağladı. Mən onu sakitləşdirməyə çalışırdım. Səhər İlham dayımın həyat yoldaşı Fərizə xanım bizə gəldi. Mən ona şirinçay verdim. İlham dayımın gecə evə gəlmədiyini dedi. Sonra çıxıb getdi. Dayımın meyiti yanvarın 20-si morqdan tapıldı. Nənəmgilə gedəndə gördüm ki, mağar qurulub, hamı həyətə yığışıb ağı deyir. Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmadı. 44 günlük Vətən müharibəsindəki qələbəmizlə biz gücümüzü dünyaya göstərdik”.

