Siyasət 

Bakıya “Minsk Qrupu gəlməli və işləməlidir” israrı-Rusiyadan sonra ATƏT sədri də…

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə tam dəstəyini bir daha təsdiqləyir. ATƏT-in Polşa sədrliyi Prezident Əliyevin ATƏT-lə bağlı bəyanatını şərh edərkən bildirib: “ATƏT-in Polşa sədrliyi Azərbaycan prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilməz. Biz ATƏT-in Minsk Qrupunun, onun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin işinə tam dəstəyimizi bir daha təsdiqləyirik”.

Yada salaq ki, bir gün əvvəl Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç də bənzər bəyanat səsləndirib.

“Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyünün Qarabağa səfər edə bilməməsindən narahatdır. Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələlik regiona səfər edə, vəziyyətlə tanış ola bilməyib və insanlar arasında əlaqələrin qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyib”, – Lukaşeviç bildirib. Eyni zamanda rusiyalı diplomat ümid etdiyini bildirib ki, “çox yaxın gələcəkdə həmsədrlər ”üçlüyü” hələ də regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək.

Yada salaq ki, son olaraq dövlət başçısı İlham Əliyev ölkə telekanallarına müsahibəsində ATƏT həmsədrləri barədə danışmışdı. “Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıb. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər’’, – deyə Prezident bildirib.

Bu, artıq Minsk Qrupunun taleyi ilə bağlı suala yer qoymur, amma belə görünür ki, ATƏT də,  Rusiya da Minsk Qrupunun fəaliyyəti ilə bağlı israrlı mövqedədir. Bu mövqeyi Ermənistan da müdafiə edir. Bu mövqeləri necə şərh etmək olar? Sözügedən qüvvələr Minsk Qrupunu yenidən bölgəyə gətirə biləcəklərmi?

Politoloq Murad Sadəddinov Musavat.com-a bildirdi ki, ATƏT sədrindən Minsk Qrupunun həsmdərlərinin və şəxsi nümayəndəsinin fəaliyyətinə dəstək ifadə olunması təbiidir. Çünki Minsk Qrupu onların öz qurumlarıdır və istənilən halda onlar öz qurumlarını və şəxsi nümayəndələrini müdafiə edəcəklər: “ATƏT-in başqa formada təsir mexanizmi yoxdur. Sadəcə olaraq o bəyanatlar bugünkü reallıqlara cavab vermir. Bizim üçün əsas maraqlı olan ondan ibarətdir ki, mövqeyimiz birmənalıdır və ən yüksək səviyyədə Azərbaycanın mövqeyi elan olunub. Bu mövqe beynəlxalq normalara əsaslanır-münaqişə başa çatıbsa və tərəflərdən biri vasitəçini qəbul etmirsə məsələ bitmiş sayılır, Minsk Qrupunun missiyası artıq başa çatıb. Onlar gəlib nəyi müzakirə edə bilərlər? 30 il ərzində guya müzakirə etdikləri məsələni Azərbaycan BMT qətnamələrinin tələblərinə də əsaslanaraq həll edib. Artıq Qarabağ məsələsi Azərbaycanın daxili işidir, hər hansı beynəlxalq təşkilatın buraya müdaxiləsinə Azərbaycan razı ola bilməz. Minsk Qrupunun həmsədləri olan üç dövlətin özlərinin arasında bu gün münaqişə hökm sürür. Onların özlərinin münasibətlərini düzəltməyə vasitəçi lazımdır. Onlar mövcud reallıqlarda Minsk Qrupunu bölgəyə gətirə bilməzlər”.

Daha çox xəbərlər