Cəmiyyət 

DSX polkovnikinin şəxsi əşyaları Tarix Muzeyinə təqdim olunub

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan polkovnik Emil Nəzirovun şəxsi əşyaları muzeyin fonduna verilməsi ilə bağlı tədbir keçirilib.

ARANTV.AZ  xəbər verir ki,  tədbirdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyi icraçı direktoru Fərhad Cabbarov çıxış edib.

O bildirib ki, onlar İkinci Qarabağ müharibəsi zamanından qəhrəmanlar haqqında materiallar toplamağa başlayıblar: “Məqsədimizin muzeydə torpaqlarımızın azadlığı uğrunda döyüşən, canlarından keçən hərbçilərimizlə bağlı məlumatların olması idi. Artıq 2020-ci ilin oktyabr ayının sonlarında, müharibənin ən qızğın vaxtında biz muzeydə Vətən Müharibə Fondu yaratdıq. Çox qısa bir zaman içində fondda 2 mindən çox material toplandı. Biz 2021-ci ilin mart ayında bu fondun “Anadır arzulara, hər zaman Qarabağ” adlı sərgisini keçirdik. Bu bizim vəfa borcumuz idi. Muzeyə gələn ziyarətçilər hər biri bu sərgiyə baxırlar”.

F.Cabbarov qeyd edib ki, Qaraheybət aviasiya poliqonunda baş verən hadisə onları dərindən sarsıdıb: “Müharibə qələbəmizlə bitəndən sonra düşünürdük ki, artıq şəhid verməyəcəyik. Lakin arzularımızdan asılı olmayaraq bu cür faciələr baş verir. Qaraheybət faciəsində bizim 14 yüksək rütbəli zabitimiz şəhid oldu. Bu bizi dərindən üzdü. Həmin şəhidlərdən biri də Emil Nəzirov idi. Mən cənab polkovnikin keçdiyi döyüş yoluna baxanda daha sarsılıram və onun timsalında hərbiçilərimizlə fəxr edirəm. Çünki, Emil Nəzirov peşəkar hərbiçi idi. Hərbi Hava Qüvvələrimizin formalaşmasında onun müstəsna rolu olub. Emil Nəzirov keçmiş Sovet dönənimdə hərbi təhsil alıb. Birinci Qarabağ müharibəsinə könüllü qatılıb və idarə etdiyi helikopterlə müharibə zamanı qarşı tərəfə sarsıdıcı zərbələr vurub. Emil Nəzirov həmçinin Vətən müharibəsində iştirak edib və qələbəmizin memarlarından olub. Mən şəhidin ailə üzvləri təşəkkür edirəm ki, onun şəxsi əşyalarını muzeyimizə təqdim edirlər. Şərəfdir ki, ailəsi onun əşyalarını bizim fonda həvalə edir. Şəhidlərimizin materiallarının qorunması və araşdırılması bizim borcumuzdur. Şəhid ailələri və qazilərin materiallarının toplanması prosesi hələ də davam edir. Biz müvafiq materialları toplayaraq gələcəkdə kitab halında da çap edəcəyik”.

Daha sonra tədbirdə muzeyin Elmi-Fond işləri üzrə direktor müavini Məhruzə Zeynalova çıxış edərək Vətən Müharibəsi Fondunda toplanan materiallarla bağlı məlumat verib.  Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümlü çıxış edərək Emil Nəzirovun keçdiyi həyat yolu bağlı məlumatları təbdir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə E.Nəzirovla bağlı video rolikə baxış keçirilib.

Şəhidin qardaşı Abbas Nəzirov ailə üzvlərinin adından çıxış edərək muzeyin rəhbərliyinə, fonda təşəkkürünü çatdırıb. Tədbirinin sonunda E. Nəzirovun şəxsi əşyaları fonda təqdim edilib.

Daha çox xəbərlər