Gündəm 

İnsanlığı, müəllimliyi ilə ən yaxşı sözlərə layiq olan Asəf müəllimin bu gün 67 yaşı tamam olur.

Müəllim… bu sadə sözün arxasında böyük bir məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi məhz müəllimlikdir. Bəlkə də əsl müəllimlik, pedaqoqluq anadangəlmə bir istedaddır, vergidir, sonra elmlərə yiyələndikcə bu adı sənəd üzərində qazanırsan. Hər birimizdə müəllimlərimizdən zərrələr var – onlar zaman-zaman gözünün nurunu, qəlbinin hərarətini, könlünün istisini bizə verirlər.
Təkcə bilik öyrətmir müəllim, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur. Keçdiyimiz həyat yolunda çoxlu insanlarla qarşılaşırıq. Bəzilərini unuduruq yaddan çıxarırıq, amma elə insanlar var ki, onları xatırlamamaq mümkün deyil. Müəllimlərimiz – bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmalarımız, bizim parlaq sabahımızın təməlidir!
Haqqında qürurla, fəxrlə danışmaq istədiyimiz sözün əsl mənasında pedaqoq, qayğıkeş ata, səmimi insan, dürüst, mədəni, saf əqidə sahibi, 67 illik həyatının 43 ilini sevə-sevə bu şərəfli peşəyə həsr edən ASƏF MİRZƏHƏSƏN oğlu QASIMOVDUR.
ASƏF MİRZƏHƏSƏN oğlu QASIMOV 22 yanvar 1955-ci ildə Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Atası Mirzəhən kişi uzun müddət kolxozda təsərrüfat briqadiri və kolxoz sədri işləmişdir. Bütün çətinliklərə baxmayaraq o, övladlarının hər birinin ali təhsil almasına nail olmuş, təhsilli və ziyalı övladlar böyütmüşdür. Oğlu Tofiq nəinki respublikada, hətta ölkəmizdən kənarda da kimyaçı alim kimi tanınmışdır.
İlk təhsilini doğulduğu kənd məktəbində alan Asəf müəllim 1971-ci ildə orta təhsilini başa vuraraq ADU-nun Fizika fakultəsinə daxil olur. 1979-cu ildə universiteti bitirdikdən sonra doğulub boya-başa çatdığı doğma kəndinə qayıdır və kənd məktəbində Fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. 1979-cu ildən 2002-ci ilədək məktəbdə həmin fənni tədris edir. 2002-ci ildən məktəbə tədris işləri üzrə direktor müavini təyin olunur. Təhsil ocağında tədrisin keyfiyyətinin yüksəldilməsində, tədris işinin düzgün təşkil olunmasında səmərəli işi, uğurları ilə diqqəti cəlb edir. Bütün bu keyfiyyətlərinə görə o, 2010-cu ildən Xanərəb kənd tam orta məktəbinə direktor təyin olunur.
Asəf müəllim ömrünün 43 ilini həsr etdiyi müəllim peşəsinin şərəfini, nüfuzunu həmişə qoruyub saxlamışdır. Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır. Şagirdləri, işlədiyi məktəbin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. 43 illik pedaqoji fəaliyyəti dövründə Xanərəb kənd tam orta məktəbində yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında Asəf müəllimin rolu danılmazdır. Son 10 ildə rəhbəri olduğu məktəbin 50-dən çox məzunu yüksək bal toplayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, liseylərə, akademiyalara qəbul olmuşdur.Məzunlardan 7 nəfəri BDU-ya, 2 nəfəri Tibb Universitetinə, 2 nəfəri Hərbi Akademiyaya, 2 nəfəri SDU-ya, 2 nəfəri Aqrar Universitetə,1 nəfəri Daxili Qoşunların Akademiyasına, 1 nəfəri AZİ-yə və diğər ali məktəblərə, çoxlu sayda məzun müxtəlif kolleclərə, orta ixtisas məktəblərinə və Hərbi litseylərə qəbul olmuşdur. Bu gün də o haqlı olaraq öz nailiyyətləri və yüksək nəticələri ilə fəxr edir, gənclərdən öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir, zəngin təcrübəsini həvəslə gənclərə öyrədir.
Ömrünün ən mənalı illərini yetişən nəslin təlim və tərbiyəsinə həsr edən Asəf Qasımov çalışmanın yaş həddinə çatdığına görə 2022-ci il yanvar ayından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təqaüddədir. 3 övladı var. 6 nəvənin babasıdır. Övladlarının ikisi ali təhsillidir.
Asəf müəllim, sevimli peşəsi ilə yanaşı şəxsi təsərüfatında da çalışması ilə də fərqlənən ziyalıdır. Məktəb rəhbəri işlədiyi və hazırkı dövrdə təsərrüfat işləri ilə də ciddi məşğul olur. Taxılçılıq, pambıqçılıq, heyvandarlıq, arıçılıq onun məşğul olduğu əsas məşğuliyyətlərdəndir. O, işgüzarlığı ilə gənclərə sübut edir ki, insan ömrünün istənilən çağında vaxtını səmərəli keçirməli, faydalı əməyə bağlanmalıdır. Təqaüdə çıxmaq qocalıq deyil, bu yaşda əli işdən soyutmaq isə qocalığa, həyatdan doymağa işarədir.
İnsanlığı, müəllimliyi ilə ən yaxşı sözlərə layiq olan Asəf müəllimin bu gün 67 yaşı tamam olur. Dəyərli ziyalımızı doğum günü münasibətilə çoxsaylı istifadəçilər, müəllimlər, şagirdlər, təhsil ictimaiyyəti və onu tanıyanlar adından təbrik edir, bundan sonrakı fəaliyyətində və bütün işlərində uğurlar, həyatda xoşbəxtlik və möhkəm can sağlığı arzulayırıq.
Bizdə Aran TV-nin kollektivi olaraq  Asəf müəllimi doğum günü münasibətilə təbrik edirik.

Daha çox xəbərlər