Cəmiyyət 

Azərbaycan xalqı millət qarşısında xidmət göstərən hər kəsi qəlbində yaşadır

Bir neçə gün bundan əvvəl tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı çox əlamətdar hadisədir. Abidənin açılışı bir daha sübut edir ki, millət, xalq üçün xidməti olan hər bir kəs həmişə dövlətin diqqət mərkəzindədir. 2020-ci ildə Prezident İlham Əliyev abidənin ucaldılması ilə əlaqədar sərəncam imzalamışdı. Müsabiqədə Xanlar Əhmədovun işi  qalib gəlmiş, Bakının tarixi yerlərindən birində heykəl ucaldılmışdır.

Abidənin açılışında Prezident qeyd etmişdir ki, bu şəxsiyyət ömrü boyu Bakının inkişafına, abadlaşmasına xidmət etmişdir. Onun təşəbbüsü ilə Bakıya Şollardan su kəməri çəkilmiş, Bakıda teatr binası tikilmiş, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb inşa edilmişdir. Bakıda tramvay xəttini açılması da onun adı ilə bağlıdır. Bakının, Sumqayıtın içməli su ilə təminatı hələ də Şollar vasitəsilə həyata keçirilir. Bunlarla yanaşı yüzlərlə tələbəni xaricə təhsil almağa göndərmişdir. Qurani-Kərimi Azərbaycan dilinə ilk dəfə o tərcümə etdirmişdir.

Tanınmış elm xadimi, akademik Əziz Əliyev o zaman ona kömək üçün müraciət etmişdir. O da düşünmədən tanımadığı bir gəncə kömək etmişdir. O zaman H.Tağıyev Ə.Əliyevə xaricdə oxumaq üçün dəstək olmasa idi, bəlkə də, Azərbaycan xalqı böyük bir alim itirəcəkdi.

Hacı Zeynalabdin Tağıyevin xidmətləri bununla bitmir. Bakıda neçə-neçə tarixi, mədəni abidələr onun şəxsi vəsaiti hesabına ucaldılıb. Buna “İsmailiyyə”binasını misal göstərmək olar.

Prezident demişdir:  “Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə hörmətlə yamaşmışam. Hələ prezident olmadığım vaxtlarda Pirhəsəndə onun qəbrüstü abidəsinin abadlaşdırılması ilə bağlı tapşırıq vermişdim. Mən həmişə Azərbaycan xalqının, millətinin rifahı naminə çalışanları yüksək qiymətləndirirəm. Hacı Zeynalabdi Tağıyev millət üçün bu işləri görməsə idi, heç vaxt yaddaşlarda qalmazdı. Azərbaycan xalqı da millət qarşısında xidmət göstərən hər kəsi qəlbində yaşadır”.

Hacı Zeynalabdin Tağıyev kasıb bir ailədə dünyaya gəlmiş, çətinliklə böyümüşdür. Onun öz sözləri ilə desək,onun yerin altından çıxan pulu yerin üstünü bəzəmişdir.

Sima Abbasova

Masallı rayonu, Mahmudavar kəndi

Daha çox xəbərlər