Cıdır düzündə toy, Gövhərağada kəbin…
30 ildən sonra Şuşaya və Ağdama getmək… İşğaldan azad olunan ərazilərə ildə ən azı bir dəfə səfər etmək… Bilirsiniz bu nə deməkdir?
Bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ən müasir avtobuslar Ağdama və Şuşaya yol alacaq. Bu o deməkdir ki, ildə bir dəfə sən də, mən də, o da… bir sözlə, hamımız 30 il həsrətində olduğumuz ərazilərə ayaq basa biləcəyik. İldə bircə dəfə də olsa oraların havasını ciyərimizə, suyunu köksümüzə çəkəcəyik.
Səhər dan yeri yamşağını ağzından açmamış Bakıdan çıxırsan, Günəş güortanın belinə qalxanda Şuşaya çatırsan. Cıdır düzündə qəddini düzəldirsən, oradan boyu Şuşanın boyundan qat-qat aşağıda dayanan Xankəndidəki ermənilərə göz vurub Molla Pənah Vaqifin cəmi 7 aya yenidən qurulan məqbərəsinə pərvazlanırsan. Ardınca Yuxarı və Aşağı Gövhərağa məscidlərində bu günləri bizə göstərdiyinə görə ulu Yaradana dua edirsən. Sonra vəhşi qəbilə sürüsü tərəfindən güllələnmiş abidələrin başına dolanırsan.
Xan qızı Nətavanın ev muzeyinə baş çəkirsən, avtobus yoldaşlarınla ayaqüstü “Məclisi-üns” təşkil edirsən. Sonra Xan qızı bulağından Zəmzəm suyu qədər müqəddəs bulaqdan göz yaşı qədər dumduru suyu içinə çəkirsən. Ardınca əsgərlərimizin fəth etdiyi Şuşa qalasından qara donlu kafirlərə “Xanın varisləri qayıtdı, Xanın Kəndinə də dönəcəyik” – ismarışını göndərirsən. Yuxu deyil, özünüzü çimdikləyin. Bu gündən gedə biləcəyik. Özü də “yel qanadlı illər”in həsrət şələsini kürəyimizdən açaraq, uça-uça, qaça-qaça…
Şuşaya və Ağdama qayıtmaq Vətən həsrətinin son nəfəsinin verməsinin əlamətidir. Şuşaya və Ağdama qayıtmaq 30 illik nisgilin ayaqlarımızın altında can verməsidir. Şuşaya və Ağdama qayıtmaq dəmir yumruğumuzun dəmir addımlara, ipək yerişlərə çevrilməsidir. Şuşaya və Ağdama ildə bir dəfə də olsa getmək sağ ikən Tanrının cənnətinə ayaq basmaqdır.
Hətta mən subay olsaydım həmin səfərdən məharətlə istifadə edərək sevib-seçdiyim qızla Şuşada, Ağdamda nigah bağlayardım. Gövhərağa məscidində kəbin kəsdirərdim. Nətavanın Ev muzeyində ilk toyumu edərdim. Mən subay deyiləm, amma kimlərsə nigahını, kəbinini, toyunu Ağdama, Şuşaya təyin edə bilər. Hətta bu müqəddəs anların şərəfinə Cıdır düzündə, Ağdamın çörək muzeyinin xarabalıqlarında əsgərlərimiz havaya xoşbəxtlik, əbədi sülh atəşi aça bilərlər… Məni kimi evlənənlər də narahat olmasın, elə Şuşaya, Ağdama getmək də toy-düyünə getmək, hətta özünə gəlinsiz toy etmək kimidir. Toyunuz, xeyir işiniz mübarək olsun!
Şuşaya və Ağdama getmək həm də böyük qayıdışın işartısıdır. Eyni zamanda, Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millət olaraq təhlükəsizliyimizin göstəricisidir. İcazəsiz getməyə də bundan sonra icazə yoxdur. Bu dəfə Şuşaya, Ağdama gəlişimizə dövlətimiz, tanrımız, ən əsası, azad olunan torpaqlarımız izn verir. Bir sözlə, gözünüz aydın olsun!

