Süni qiymət artımının qarşısı ən sərt şəkildə alınmalıdır
Hazırda inflyasiya və qiymət artımları bütün dünya ölkələri üçün mühüm bir çağırışa çevrilib. Məhz buna görə də hökumətlər öz iqtisadiyyatlarını qlobal mənfi təsirlərdən qorumaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Əlbəttə ki, qlobal inflyasiya və qiymət artımları Azərbaycana da mənfi təsirsiz ötüşmədi. Ölkə rəhbərliyi tərəfindən vaxtında həyata keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa, insanlarımızın bu təsirləri daha az hiss etməsinə imkan yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam etdirilib, pandemiyanın milli iqtisadiyyata mənfi təsirləri minimuma endirilib. Ötən il bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini göstərdi. Belə ki, görülən tədbirlər nəticəsində 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyini təmin etmək mümkün oldu.
Hazırda qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına, süni qiymət artımının qarşısının alınmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə hökumət mühüm addımlar ataraq geniş tədbirlər planı hazırlayıb. Yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində qlobal bahalaşmanı şərtləndirən əsas amillər açıqlanıb. Hökumət süni qiymət artımına imkan verməmək üçün müvafiq qabaqlayıcı tədbirlər görür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib, respublikanın bütün şəhər və rayonlarında unun satışı, çörəyin çəkisi və qiyməti ilə bağlı gündəlik ciddi monitorinqlər aparılır.
Bundan əlavə, ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiyanın məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb.
Şübhəsiz, baş verən qiymət artımları əhalinin aztəminatlı təbəqəsinin dolanışığına mənfi təsir göstərir. Odur ki, aidiyyəti qurumlar, xüsusi ilə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımına qarşı ciddi ölçülər götürülməli, buna şərait yaradanlar qanun qarşısında cavab verməlidirlər. Çünki ölkə başçısının əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımları, bu sahədə əldə olunan nailiyyətləri bəzi işbazların varlanmaq hərisliyinə qurban vermək olmaz. Bu məsələlərə cavabdeh olan qurumlar öz vəzifələrini doğru-dürüst yerinə yetirməli, istehlak bazarına nəzarəti artırmalı, tez-tez monitorinqlər keçirməli, süni qiymət artımına qarşı mübarizəni gücləndirməli, bahalanmanın qarşısını ən sərt şəkildə almalıdırlar. Ən əsası isə süni şəkildə qiymətləri qaldıranlar və iri mağazalarda, marketlərdə etiketdə bir qiyməti, kassa-nəzarət aparatının yaddaşında isə başqa qiyməti saxlamaqla alıcılar üçün yanlış təsəvvür yaradan, vətəndaşın cibinə girən fürsətcillər ciddi şəkildə cəzalandırılmalıdırlar.

