Sosial 

Növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib – REPORTAJ

Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Həyata keçirilən silsilə tədbirlər çərçivəsində həyətyanı sahəsi 1 hektar olan, 1000 nəfərə yaxın sakinin yaşadığı H. Seyidzadə küçəsi 13, 17 və 20 Yanvar küçəsi 19a saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılıb.

Hazırlanmış layihəyə uyğun olaraq H. Seyidzadə küçəsi 13 saylı binanın fasadı, dam örtüyü yenilənib, 1000 kv. m-ə  yaxın əraziyə qazon, 350 kv.m –dən artıq əraziyə isə tamet daşı vurulub, 350 p.m. yeni bardürlər düzülüb. Kiçik tullantıların atılması üçün əraziyə 2 ədəd yeni zibil qutusu qoyulub, 100 kv.m istinad divarı əsaslı təmir olunub.

Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaqların əylənmələri üçün yelləncək, sürüşkənlər və digər idman qurğuları quraşdırılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların  bərpası ilə yanaşı, məhəlləyə 50 ədəd müxtəlif növ həmişəyaşıl  ağac, 200 ədəd dekorativ çiçəklər əkilib və yaşıllıqların suvarılması üçün su xətti çəkilib. Həyətin işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər. “Abad həyət”in sakinləri məmnunluqlarını “İki sahil” ilə bölüşdülər.

Murad İmanov yaşadığı həyət və binanın gözoxşayan mənzərəsinə, səliqəsinə görə dövlət başçımıza və Nəsimi Rayon İcra Hakimiyyətinə minnətdarlığını  bildirdi. “Deyəcək əlavə heç bir sözüm  yoxdur. Hər şey göz önündədir. Səliqə, rahatlıq, təmizlik, sakitlik. İnsanların rahat istirahət etmələri üçün hər bir şərait yaradılıb. Əvvəlki baxımsız həyətdən əsər-əlamət qalmayıb. Salınan yaşıllıqlar, uşaqlar üçün yaradılan münbit şərait sadəcə möhtəşəmdir.”

Elza Hüseynova  söylədi  ki, əvvəllər istirahət, gəzişmək üçün əgər başqa yerlərə üz tuturduqsa artıq rahatlıqla öz həyətimizdə vaxtımızı keçirə bilirik. “Bakının bir çox həyətlərində həyata keçirilən “Abad  həyət” layihəsi haqqında eşidəndə düşünürdüm ki, bu möhtəşəm layihə mütləq bizim də yaşadığımız yerdə reallaşdırılmalıdır. Çünki nəinki həyətimiz, binalarımız da yaxşı vəziyyətdə deyildi. Sovet dönəmindən qalma liftlər, fasadı köhnəlmiş binalar, yağış yağanda yaranan gölməçələr bir sakin kimi məni və qonşularımızın hər birini narahat edirdi. Ancaq indi mənzərə tam başqadır. İnsanın əhval-ruhiyyəsi belə dərhal dəyişir.”

Artıq 30 ildir ki, burada yaşayan  Gülöyşə Məmmədova təhlükəsizlik sistemindən bəhs edərək bildirdi ki, artıq uşaqlarımızdan nigaran qalmırıq. “ Həyətdə bir çox yerlərdə təhlükəsizlik kameraları yerləşdirilib və onlar bütün gün ərzində işləyirlər. Maşınların saxlanması üçün ayrıca ərazi salınıb, futbol meydançası qurulub, uşaqların əylənməsi üçün rəngarəng oyuncaqlar, yelləncəklər bərkidilib həyətə. Ahılların asudə vaxtlarını həyətda keçirmələri üçün yeni və təmiz oturacaqlar yerləşdirilib. Biz bundan artıq nə istəyə bilərdik? Yaşıllıq, təmizlik insanların ruhunu oxşayır. Dövlət öz üzərinə düşəni edir. Bundan sonrası isə biz sakinlərin öhdəliyindədir. Yaradılan bu yüksək şəraiti yaxşı qiymətləndirməli, onu qorumalıyıq.”

Abadlaşdırılan həyətdən ən böyük məmnunluğu isə təbii ki, həyətin azyaşlı sakinləri duyurlar.

Rüqəyya Məmmədzadə: “Əvvəllər  yağışlı havalarda burada dərin gölməçələr yaranırdı. Yer düz deyildi. Həyətə rahat düşüb gəzə və oynaya bilmirdik. İndi isə evə getmək istəmirik. Yelləncəklərdə yellənmək, sürüşgənlərdən sürüşmək, dostlarımla oynamaq ən sevdiyim məşğulliyyətimdir. Həyətimiz hətta bir çox parklardan belə gözəl olub.”

Fatimə İsmayılzadə hər gün anası ilə həyətə oyun oynamağa tələsərək qaçdığını deyir. “ Yeni həyətimizə ən çox mən sevinirəm. Bura çox gözəldir. Yeni oyun meydançamız, idman sahəmiz həddən artıq sevindirir məni. Topla oynamağa artıq geniş sahəmiz var. Biz artıq başqa parklara və həyətlərə getmirik.”

Qeyd edək ki, hazırda rayonun  daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Nilufər Mustafaqızı,
Samir Paşayev (foto), “İki sahil”

Daha çox xəbərlər