Əsas səhifə 

Regional əməkdaşlıq üçün yeni imkanlar yaranıb

Dövlət başçısı İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bir daha bildirmişdir ki, ümidverici  3+3 əməkdaşlıq platforması yaradılır

 

Artıq işğaldan azad edilmiş ərazilərimiz hər gün  yerli və xarici  qonaqlarını qarşılayır. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra  Füzulu Beynəlxalq Hava Limanına uçuşu  İran İslam Respublikasının  yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası  Birgə İqtisadi  Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti etdi.  Dövlət başçısı İlham Əliyev nümayəndə heyətini videoformatda qəbul edərkən səfərin işğaldan azad edilmiş  torpaqlardan başlanmasından  şad olduğunu bildirərək qeyd etmişdir ki,  Vətən müharibəsindən sonra  regional əməkdaşlıq üçün   çox gözəl imkanlar yaranıb.  Regional əməkdaşlığın yaradılması üçün  hazırda çox ümidverici  3+3 əməkdaşlıq  platforması yaradılıb.  Artıq görüşlərə başlanılıb.  Görüşlərin müntəzəm keçiriləcəyinə əsinliyini ifadə edən cənab İlham Əliyev bu inamı da diqqət çatdırmışdır ki,  region ölkələrinin maraqları  təmin ediləcək.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən zaman bildirmişdi ki,  dost ölkələrin və onların şirkətlərinin bu prosesdə fəal iştirakını istəyirik. Ölkə Prezidenti qeyd olunan videoformatda görüşdə də bu əminliyini ifadə etdi ki,  İran şirkətləri yaxın gələcəkdə  işğaldan azad edilmiş  torpaqlarda fəal işə başlayacaq.

Bərpa və quruculuq işlərində qardaş Türkiyənin şirkətləri fəal iştirak edirlər. Ötən il Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmaqda davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önəm daşıyır” söyləyərək  Azərbaycanın tarixi Zəfəri  ilə yaratdığı reallıqlar fonunda  regional əməkdaşlığa verdiyi töhfələrin aydın mənzərəsini təqdim etdi. “Birlikdə gələcəyə” devizi ilə keçirilən Zirvə Toplantısı qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə işıq saldı. Əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin aparılması vacib amil kimi önə çəkildi.

Qeyd edək ki, Azərbaycanın  yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadəsi  ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açmaqla yanaşı,  tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsində də  əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin “Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq” fikrini böyük inam və qətiyyətlə ifadə etməsini şərtləndirən əsas amillərdən biri də məhz budur. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin reallığa çevrilməsi, həmçinin əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqelərinə, söz sahibinə çevrilməsinə  işıq salır. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycan dünyanın enerji xəritəsinə yeni əlavələr edərək, enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynayır. Bu kimi uğurlarımız  Azərbaycanın xarici siyasətinin, iqtisadi imkanlarının  təqdimatıdır. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi yeni layihələrin gündəmə gətirilməsini və səylərin birləşdirilməsini şərtləndirir.

Cənab İlham Əliyev onu da qeyd edir ki,  dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Güclü iradə, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək, təşəbbüsləri gerçəkliyə çevirmək mümkündür. Keçilən yola nəzər salsaq görərik ki,  əlaqələrin öncə regional əməkdaşlıq formatı şəklində qurulmasına baxmayaraq,  bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Avropa ilə Asiyanın qovşağında  yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkə Prezidenti  İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində  bu məqama xüsusi diqqət yönəltmişdir: “Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar.” Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi çoxtərəfli əməkdaşlığın nümunələridir.  “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir. 2020-ci il dekabrın 31-də istifadəyə verilən  TAP isə  Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə  İtaliyaya çatdıracaq. Azərbaycanın, həmçinin ölkə Prezidenti  İlham Əliyevin irəli sürdüyü  təşəbbüslər və onların gerçəkləşməsinə xidmət edən addımlar beynəlxalq səviyyədə də bu qənaətə əsas verir ki,   yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr əldə olunacaq.

Əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir. Dəmir yolu Avrasiyanın nəqliyyat  xəritəsinin önəmli  hissəsinə çevrilir.  Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. “Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki,  əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.

Reallaşan və reallaşmaqda olan hər hansı bir layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi tərəfi daha çox təhlil olunur,  perspektivdə hansı uğurlara yol açacağı diqqətə çatdırılır. Bütün hallarda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, artan mövqeyi inkaredilməzdir. Təbii ki, bu da dövlətimizin xarici siyasətinin prinsiplərindən irəli gəlir. Əməkdaşlıqda qarşılıqlı hörmət və maraqlar prinsipinə önəm verən Azərbaycan, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlayır.  Uzun illərdən sonra 2018-ci ildə  öz müsbət həllini tapan Xəzərin hüquqi statusu məsələsi bunun bariz nümunəsidir.  Regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirilən bu mühüm hadisədə də  Azərbaycanın rolu inkaredilməzdir. Xəzərin sülh, əməkdaşlıq dənizi olmasını əsas prinsip kimi öndə saxlayan Azərbaycanın istər ikitərəfli, istərsə də  təşəbbüsçüsü olduğu  üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının uğurla həyata keçirilməsi nəticəsində  Xəzərin hüquqi satatusu ilə bağlı Konvensiyanın imzalanmasına böyük töhfə verdi.  Məhz uğurlarımızın davamlılığı fonunda bu əminliyi ifadə edə bilərik ki, Azərbaycanın düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi olaraq uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihəyə stimul verir.

Azərbaycanın regional əməkdaşlığa töhfələri davamlılığı ilə diqqət çəkir. Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz yaratdığı reallıqların diktə etdiyi addımlardan biri yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Bu əməkdaşlıq formatlarının da müəllifi Azərbaycandır. Ölkəmiz regionda sülhün, sabitliyin, əmin-amanlığın yaradılması istiqamətində səylərini artırır. Ermənistana sülh müqaviləsinin imzalanması ilə  bağlı təklifi, ən əsası ötən ilin  noyabrında Soçidə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli, dekabrda Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin  görüşünün nəticəsi olaraq qəbul edilən Bəyanatlarda ölkəmizi narahat edən bütün məsələlərin öz əksini tapması, Rusiya ilə müəyyən məsələlərdə mövqelərin üst-üstə düşməsi, ən əsası Zəngəzur dəhlizinin açılmasının Rusiyanın  da marağında olması Azərbaycanın artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir.  Bəyanatlarda bununla bağlı xüsusi müddəa öz əksini tapıb.  Bu görüşlərlə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını  bir daha bəyan etdi.  Cənab İlham Əliyev İranın yol və şəhərsalma naziri ilə videoformatda görüşdə bu məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan  işlərlə tanış oldunuz. Həm avtomobil,  həm də dəmir yolu artıq uğurla inşa edilir. Ermənistandan müsbət  müsbət xəbərlər alınır. Belə ki, işğalçı dövlət  bu işlərə  start verməyi planlaşdırır.

Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi təkcə iqtisadi hadisə deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar  hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır. Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək  Zəngəzur dəhlizi  həm də  Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da artıracaq.  İki qardaş ölkə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində  Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan – Qars dəmir yolunun tikintisinin  iki ölkə arasında nəqliyyat- kommunikasiya əlaqələrinin  intensivləşməsinə mühüm töhfə verəcəyi xüsusi qeyd olunur. Bu yolun  fəaliyyətə başlaması  Azərbaycanla Türkiyə arasındaki məsafəni də yaxınlaşdıracaq.

Ölkəmizin son 18 ildə qazandığı iqtisadi uğurlara qısaca nəzər salaq. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Qeyd etdiklərimiz fonunda bu fikri böyük əminliklə qeyd edə bilərik ki, düşünümüş siyasəti nəticəsində daxili imkanlarını artıran Azərbaycan regionda və dünyada söz sahibidir. Ölkəmiz Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək regional əməkdaşlığa böyük töhfələr verməklə yanaşı, dünyanın xarici siyasətində də dəyişikliklər edir.

Daha çox xəbərlər