Ötən il 15 ali məktəbdə monitorinq aparılıb
“Ötən il Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 15 ali təhsil müəssisəsində monitorinq keçirilib”.
ARANTV.AZ xəbər verir ki, bunu TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev bildirib.
O qeyd edib ki, bunlar Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Polis Akademiyası, Bakı Ali Neft Məktəbi, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki, Şamaxı, Quba, Cəlilabad, Ağcabədi filiallarıdır: “Monitorinqlər üçün məktublar ali məktəb rəhbərlərinə ünvanlanıb. Prosedur sonunda yekun hesabatlar hazırlanıb. Bu monitorinqlər hər il keçiriləcək. Monitorinqlərin keçirilməsi akkreditasiya qaydalarında öz əksini tapıb. Qiymətləndirilmədən sonra ali məktəblər fəaliyyət planını hazırlayır, eyni zamanda, hər il görülən işlərə dair hesabatı TKTA-ya təqdim edir. Monitorinqlərin məqsədi 5 ildən bir formal yoxlama deyil, keyfiyyətin yüksəldilməsidir. Ali məktəblərdəki monitorinqlərdən sonra 290 tövsiyə verilib. Bunlardan 165-i tam, 72-si qismən icra olunub, 53 tövsiyə isə icra edilməyib”.

