Azərbaycan gəncliyi hərtərəfli inkişafı təmin edir
Məlumdur ki, cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi.
Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.
Ümummilli lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdi. Həmin vaxta qədər Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər.Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlıdır. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il tarixli 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramlarının icraları nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər. Azərbaycan Respublikası Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda isə gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri olması, gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleklərinin artması, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu qeyd edilən zaman dövründə həyata keçirilməsi nəzərdə tutulur.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Azərbaycan gənci tariximizi yaxşı bilməlidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni- Zəfər Gününü yazdı. Hələ müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsil bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər. Azərbaycan zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, tariximiz şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləmələridir.
Bugün Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

