“Land of Fire” komandası Dünya Kubokunda yarımfinala çıxıb – FOTO
İsveçrənin Sankt Morits şəhərində 37-ci qarüstü polo üzrə Dünya Kubokunda iştirak edən Azərbaycanın “Land of Fire” komandasının yarımfinaldakı rəqibi müəyyənləşib.
ARANTV.AZ xəbər verir ki, 6 komanda arasında keçirilmiş ümumilikdə 3 oyunun nəticəsinə əsasən reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda məlum olub.
Turun ilk oyununda Azərbaycan təmsilçiləri rəqibə 7:2,5 hesabla qalib gələrək yarımfinala ilk vəsiqə qazanan komanda olub. Turnirin qaydalarına əsasən, ilk günün sonunda qol fərqinə əsasən yarımfinalda iştirak edəcək komandaların rəqibləri reytinq xallarına görə bəlli olub.
Elçin Camallının rəhbərlik etdiyi kollektiv finala vəsiqə uğrunda yerli “Badruts Palas” (“Badrutt’s Palace”) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları bu gün keçiriləcək. “Land of Fire” klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

