Dünya 

Zelenski, qorxma, müharibə et, amma biz səninlə deyilik…

Ukrayna prezidentinin mətbuat konfransında aciz göründüyü haqda deyilənlərlə razılaşmaq olar, amma bu, Saakaşvilinin müharibə başlamasından sonra qalstuk çeynəməsindən yaxşıdır…

 

Ukrayna prezidenti Volodimir Zelenskinin yanvarın 28-də Kiyevdə keçirdiyi mətbuat konfransı bu konfliktlə bağlı bütün suallara nöqtə qoydu. Qərbin Ukrayna dövləti və xalqının üzərində həm məkrli, həm də satqın bir oyun oynadığı məlum oldu.

Bunun Ukrayna üzərindən  böyük qumar olduğu hələ 2014-cü ildə Maydan hərəkatı başlayanda, Amerika rəsmiləri(xanım Nuland) meydanda peçenye paylayandan məlum idi. Bu barədə dəfələrlə yazmışam, son olaraq 15 gün əvvəl də qeyd etmişdim: “Bu qarşıdurmada Ukrayna ayaq altında qalacaq, NATO-nun dəstəyi nə olacaq, rus əsgərinə güllə atmağa cəsarətləri çatacaqmı, onu da görəcəyik. Qərb üçün də heç bir mənəvi dəyər qalmayıb, Rusiyanın bir tayı da onlardır. Ukraynanı açıq-aşkar güdaza verirlər”. Zelenski mətbuat konfransında bundan fərqli heç nə demədi, hətta daha sərt danışdı. Qərb dəllallarla  maliyyə cəzası da kəsdi, açıqlamalarının Ukrayna iqtisadiyyatına vurduqları zərərə görə ödəməli olduqları məbləği açıqladı. Qərb indi əliaçıqdır. Ukraynaya silah-silah dalınca gəlir. Guya Rusiya ilə “Stinger” müharibəsi olacaq. Əbləhlər…

Ukrayna saytlarındakı şərh bölümlərinə baxıram, prezidenti qınayırlar, onu Rusiyadan qorxmaqda suçlayırlar. Daha sərt mövqelər də var. Amma Zelenski əlbəttə ki, bu mətbuat konfransında əsas tezisləri əvvəldən müəyyənləşdirmişdi və bu açıq mövqeyi təqdir olunmalıdır. İndi deyirik ki, şoumendir, prezident kürsüsünə hazır adam deyildi və sairə. Bu, ona mandat vermiş Ukrayna xalqının məsuliyyətidir. Təsadüfi deyil ki, o şərhlərdə özlərini Zelenskiyə inandıqları üçün  qınayanlar da var. Amma məncə, Zelenski nə etdi, nə danışdı düz etdi.

“Kollektiv Qərb”in, konkret olaraq NATO və ABŞ-ın son 10 gündəki fəaliyyətinə diqqət etdin, əsl təxribatdır. Rusiyanın Ukraynaya hücum edəcəyi, dəhşətli müharibə olacağı haqda o qədər təxribatçı açıqlamalar var ki…Kimdir bu açıqlamanı verənlər? ABŞ prezidenti Co Bayden belə xəbərdarlıq etdi, üstəlik, amerikalıların öz diplomatlarını Kiyevdən çıxaracağı xəbəri də buna paralel olaraq mediaya ötürüldü. NATO baş katibi xəbərdarlıq etdi, üstəlik buna paralel olaraq digər Avropa ölkələrinin də öz diplomatlarının Kiyevdən çıxarılmasının vacibliyi səsləndi… Tam bir təxribat! Ukrayna xalqını işğalla qorxutmaq, onu daima psixoloji basqı altında saxlamaq! Axı bu adamlar ciddi postlarda oturublar, onlara kim haqq verib ki, Ukrayna xalqını həm də heç bir ciddi fakt olmadan mənəvi terrora məruz qoyurlar. Bundan bir neçə gün əvvəl Zelenski məcbur olub xalqa müraciət etdi, onları sakitliyə çağırdı. Həm də dedi ki, bu bir əsəb savaşıdır. İndi göründü ki, Qərb son oyununu belə oynamaq istəyib: Ukraynanın əsəblərini tarıma çəkməklə Prezidenti reallıq hissini itirməyə və hərbi əməliyyatlara başlamağa təhrik etmək istəyiblər. Necə ki, 2008-ci ilin avqustunda Gürcüstan prezidenti Saakaşvilini qızışdırıb, “get irəli, arxandayıq” deyən Qərb(bu dəfə Fransa və Almaniya oyundan kənardır, amma o zaman gürcüləri aldadanlar sırasında onlar da var idi) bu dəfə də Ukraynada eyni oyunu planlaşdırıb. Zelenski bu planı pozdu…Bəlkə də Qərb çevriliş edib onu yola saldı…

Zelenski haqlı olaraq Rusiyadan Ukraynaya təcavüz etməyəcəyinə dair zəmanət istədi. “Rusiya Ukraynaya hücum etmək niyyətində deyilsə, o zaman bu sözləri təsdiqləyən addımlar ata bilər. Niyə bu qədər hərbçi, niyə tez-tez təlimlər keçirir, niyə bu sərhədlərdə?” deyə, Zelenski ritorik şəkildə soruşub. Bu münaqişənin müharibəyə çevrilməsi Kiyevdən çox, Moskvaya ziyandır. Putin bunu başa düşür, Ukrayna ilə genişmiqyaslı müharibə Rusiyanın daxilində qarşısıalınmaz proseslərə səbəb ola bilər. Britaniyanın baş naziri müharibə ehtimalını Çeçenistan müharibəsi ilə müqayisə etdikdə haqsız görünməz. Rusiyaya yeni bir bataqlıq, aktiv müharibə gərək deyil. Ona görə “Normand formatı” danışıqları ölü nöqtədən çıxarılır, Zelenski də Putinlə birbaşa  danışıqlara hazır olduğunun anonsunu verdi. Rusiya prezidenti  Putinlə Donbassdakı vəziyyətlə bağlı danışıqlar apara bilməməsindən təəssüfləndiyini bildirdi.

Qərb qırğılarını, qan əmicilərini, silah baronlarını bir kənara qoymaq lazımdır. Bu gün xəbər yayılıb ki, Rusiya bir neçə bölməsini Ukrayna sərhəddindən geri çəkir, əvvəlki dislokasiya yerinə qaytarır. Bu da artıq gərginliyin azaldılmasına xidmət edən addım hesab oluna bilər.

Zelenskini mətbuat  konfransında aciz göründüyü haqda deyilənlərlə bəlkə də razılaşmaq olar, amma bu Saakaşvilinin müharibə başlamasından sonra qalstuk çeynəməsindən yaxşıdır. Zelenski ona “qorxma, amma biz səninlə birgə deyilik” deyən Qərbi ifşa etdi, ziyanın yarısından qayıtmaq qərarı verdi…

Nazim SABİROĞLU,
Musavat.com

Daha çox xəbərlər