Gündəm 

Azərbaycan ötən il 630 milyon dollarlıq meyvə-tərəvəz ixrac edib

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. dollar və ya 47,2% artıb.

2021-ci il ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln. dollar artaraq 630,4 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.

2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 mln. dollar) birinci olub. Bu siyahıda qızıl (202,5 mln. dollar) ikinci, pomidor (tomat) (160,2 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci il ərzində Rusiya Federasiyasına 877,8 mln. dollar, Türkiyəyə 675,9 mln. dollar, İsveçrə Konfederasiyasına 224,1 mln. dollar, Gürcüstana 157,5 mln. dollar və ABŞ-a 74,9 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə dekabr ayı üzrə ixrac 2,4 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln. dollar olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 mln. dollar təşkil edib.

2021-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (114 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (89,8 mln. dollar) və İsveçrə üçüncü (19,5 mln. dollar) olub.

2021-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (34,4 mln. dollar) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (26,9 mln. dollar) ikinci və karbamid (25,1 mln. dollar) üçüncü olub.

Daha çox xəbərlər