Bakı polisindən ƏMƏLİYYAT: Yeddi nəfər saxlanıldı – FOTO/VİDEO
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt sakinləri Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseyov tutulublar.
Onlardan ümumilikdə iki kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar həyata keçirilib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin satışı ilə məşğul olan Kənan Dadaşov və Həsən Həsənov saxlanılıblar.
Kənan Dadaşovdan 2 kiloqram 525 qram heroin, 9 qram metamfetamin, Həsən Həsənovdan isə 195 qram heroin və 10 qram metamfetamin aşkar olunub.
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən də daxil olmuş əməliyyat məlumatları əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamil Nəzərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 600 qram heroin və 120 qram metamfetamin aşkar edilib.
Qeyd edək ki, adları sadalanan 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edərək satışını təşkil etməyə çalışıblar. Onlar ifadələrində xaricdəki narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Narkotik vasitələrin Nəsimi, Yasamal və Nizami rayonları ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

