Azərbaycanda baxımsız uşaqların sosial xidmətə tələbatı qiymətləndiriləcək
“Çətin həyat şəraitində olan, baxımsız uşaqların, onların ailələrinin sosial xidmətə tələbatı qiymətləndiriləcək”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qiymətləndirmə Agentliyin filiallarının fəaliyyət göstərdikləri ərazilər üzrə həyata keçiriləcək:
“Bu sahədə müvafiq icra hakimiyyətləri ilə birgə əməkdaşlıq ediləcək”.
“Bu istiqamətdə görüləcək tədbirlər çərçivəsində artıq Agentliyin təqdim etdiyi sosial xidmətlər, o cümlədən məişət zorakılığı halları və çətin həyat şəraitində olan uşaqlarla bağlı habelə onlayn psixoloji dəstəyin göstərilməsi ilə əlaqədar müraciətlərin cavablandırıldığı Qayğı Çağrı Mərkəzi yaradılıb. Hər kəs 116-123 qısa nömrəsinə zəng edərək göstərilən xidmətlər barədə məlumatlana və yararlana bilər”, – deyə o qeyd edib.

