Filoloq: “Heç kim bizə deyə bilməz ki, siz bu sözü bura niyə əlavə etmisiniz”
“Hər hansı lüğəti tərtib etmək üçün sitatlar bazası olmalıdır. Təəssüf ki, bizim lüğətçilikdə bu yoxdur”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.
X.Heydərova dünya təcrübəsinə istinadən qeyd edib ki, nəinki kağız, hətta elektron kataloqlarımız da yoxdur:
“Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri milli dil korpusunun yaradılmasıdır. Lakin bu məsələ çox böyük vəsait tələb etdiyi üçün ləngiyir. Bu baza olduqdan sonra heç kim bizə deyə bilməz ki, siz bu sözü bura niyə əlavə etmisiniz. Çünki həmin sitatlar bazasında sözün neçə sahədə, hansı kitablarda işləndiyi göz önündə olacaq. Maraqlananlar bizim sayta girib bölmələrdən həmin sözlərin hansı əsərdə işləndiyinə, rəsmi dildə olan sənədlərdə necə istifadə edildiyinə baxa bilərlər. Bu çox vacib məqamdır. Həmin sözləri biz bədii ədəbiyyatlarda, publisistikada, müxtəlif qəzet və jurnallarda, rəsmi yazışmalarda, konstitusiyada, dərsliklərdə, məcəllələrdə, dastanlarda, birdilli lüğətlərdə axtarışlar apararaq müəyyən edirik. Bu çox əziyyət tələb edən işdir. Biz heç nədən lüğətə söz əlavə etmirik. Sadəcə baza olmadığı üçün bizə “bu sözü niyə əlavə etmisiniz?” sualını verəndə cavab verməkdə çətinlik çəkirik. Amma mütləq əlavə edilən sözlərin əsası var. Sözlər lüğətin növündən asılı olaraq seçilir və əlavə edilir”.

